Ayxan Abbasov sistem adamıdır. Hansı klubda çalışıb, orada sistem yaradıb, öz izini buraxıb.
Millidə isə «buraxma» futbolçuların sayı heç də az deyil.
Əgər o, həqiqətən Millətlər Liqasının D divizionunda qrup qalibi odacağımıza inanırsa, radikal addımlar atmalıdır.
Sisteminə uyğun gəlməyən, yanlış hərəkətləri ilə ab-havanı korlayan, tövrləri qıcıq doğuran futbolçuları birdəfəlik düşərgədən uzaqlaşdırmalıdır.
Abdulla Xaybullayev və Anton Krivotsyuk meydanda dalaşırsa, bu hadisənin bir də baş verməməsi, digərlərinə örk olması üçün qapını ikisinin də üzünə bağlamalıdır. Qoy, hamı anlasın ki, bura klub deyil, millidir və bütün gözlər onların üzərindədir.
Məlum olay narahatlıq yaradır. Bir anlıq düşünürsən, təxmin edirsən ki, bunlar meydanın ortasında dilləşirsə, gör, məşqdə, paltardəyişmə otağında nə hoqqa verirlər!
Ayxan Abbasov birinci bu problemi aradan qaldırmalı, kollektivdaxili atmosferi gərginləşdirənləri sərt şəkildə cəzalandırmalıdır.
Hərəsi bir yerdən gəlmiş oyunçuları tək məqsəd ətrafında birləşdirməsə, hansısa sistem oyunundan, taktikadan, fəlsəfədən danışmağa dəyməz, gözləməyə heç dəyməz.
İstənilən işdə hər şey nizamdan, intizamdan başlayır. Bir yerdə xaos oldusa, orada nə ruzi olar, nə bərəkət, nə də nəticə.
Abbasov çəkiməsin, bu yoxlama görüşlərində topun kölgəsində qalanları qoysun qırağa.
Çün qılıncın iki başı olmur - bu gün onun tiyəsindən düz tutmasan, sabah onun uc tərəfi səni kürəyindən, yaxud qarnından, başından yaralayacaq.
Bunlara üz vermək olmaz, sabah astar istəyəcəklər. Ayxan Abbasov bilməlidir - onun çox vaxtı yoxdur artıq. AFFA ilə bağladığı müqavilə dekabrda başa çatacaq, sonra nə olacaq, nə olmayacaq, yenə nəticədən asılıdır.
Komandanı Milltlər Liqasının startınadək sağlamlaşdırmasa, əli ətəyindən uzun ayrılacaq buradan. Qrupda qalmaq o deməkdir ki, AFFA müqaviləni uzatmayacaq. Bu isə onun üçün bir addım irəli, iki addım geri də sayılmayacaq.
Və bəlkə də millinin qapıları ömürlük üzünə bağlanacaq. Bütün pis ssenarilərə hazır olmalıdır. Eyni zamanda indidən yumruğunu masaya bərk çırpmalıdır.
Bu, «olmazsa olmaz»dır.
KAMİL

