Özü yıxılan ağlamaz və ya bir gəncin xətası!

11 Fevral 18:35 Maraqlı 788
Özü yıxılan ağlamaz və ya bir gəncin xətası!

Həyatda adama şans bir, uzağı iki dəfə verilir.

Budaq Nəsirov üçün bu imkan illər öncə “Kəpəz”in heyətində parlaq futbol nümayiş etdirib “Sportinq”lə müqavilə bağalayanda yaranmışdı.

Portuqaliyanın, eləcə də Avropanın məşhur klublarından olan “Sportinq”in əvəzedici komandasına düşmək, orada şans qazanmaq hər adamın başı üçün deyildi. Heç indi də deyil.

Həmin vaxt o komandada Budaqdan 2 yaş kiçik Merih Demiral da vardı. Merih əlinə düşən fürsətdən maksimum istifadə edib Türkiyə millisi və “Yuventus”a qədər yüksəlməyi bacardı.

Dil və mentalitet problemi yaşayan Budaq isə 2 il keçmədən üzü sulu üstümüzə qayıtdı. İrəliləyə bilmədi, lazım olan zirvəyə yüksəlmədi. 60 milyon avro transfer qiyməti qoyulan futbolçumuz yaranmış şansı öz əlləri ilə yerə çırdı.

Bir müddət “Zirə”də oynayandan sonra 2019-cu ildə - 23 yaşında yoxa çıxdı. Gah Portuqaliyada işlədiyini dedilər, gah Türkiyədə yaşadığını.

Düz 4 ildən sonra Tanrı ona Ayxan Abbasovun səxavəti ilə ikinci şansı yaratdı. “Turan Tovuz”a dəvət olundu, bir müddət məşq edib idman formasını yaxşılaşdırdı və əsas komandaya cəlb olundu. Ölkə kubokunda bir hissə meydanda oldu.

Daha çox çalışmalı, illər öncə buraxdığı səhvləri təkrarlamamalı, baş məşqçiyə futbol sevgisini göstərməliydi. Elə etməliydi ki, Abbasov “Neftçi”dən Fərid Yusiflinin gətirilməsini istəməsin, məhz Budağı oynatsın.

O, ümidləri doğrultmaq əvəzinə nə etdi? Əvəzedici heyətdəki komanda yoldaşına əl qaldırmaqla öncə İntizam Komitəsinin, ardınca Ayxan Abbasovun qəzəbinə tuş gəldi.

Bir növ ona əl uzadıb yerdən qaldırmaq istəyən Ayxan bəyin əlini itələmiş oldu ki, baş məşqçi Nəsirovun səhvini bağışlamadı.

Bundan sonra necə olacağını zaman göstərəcək. Ancaq çətin bir də əlinə bu cür şans düşsün

Adam vaxtında iki əllə yapışmalı olduğu imkanları təpiklə özündən uzaqlaşdırıbsa, demək ki, xarakterində ciddi, çox ciddi problem var.

Odur ki, özü yıxılan ağlamaz, dostum. Ayağa qalx, üst-başını təmizlə, yaxşı-yaxşı düşün, futbolda olmasa da, başqa sənətdə özünə yer tap və yoluna davam et. Amma səhvləri bir də təkrarlama.

Həbib Aslanov

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə yazılıb.

Digər Xəbərlər
Xəbər Lenti