"Neftçi" -"Qarabağ" matçı ilə bağlı narahatlığa aydınlıq gətirildi - RƏSMİ AÇIQLAMA

30 Noyabr 2022 19:40 Maraqlı 1 392
"Neftçi" -"Qarabağ" matçı ilə bağlı narahatlığa aydınlıq gətirildi - RƏSMİ AÇIQLAMA

Azərbaycan Premyer Liqasında tarixi derbiyə iki gün qalır.

Söhbət təbii ki, “Neftçi” və “Qarabağ” arasında baş tutan duellərdən gedir.

Azərbaycan çempionatlarının hamısında iştirak edən iki komanda bu dəfə Premyer Liqanın 16-cı turunda üz-üzə gələcəklər.

Qarşılaşma 5-ci gün, saat 21:00-a təyin olunub. Adətən derbi matçları həftəsonlarına salınır ki, qeyri-iş günlərində azarkeşlərin stadiona gəlməsi asanlaşmış olsun.

Və təsadüf deyil ki, qərar indidən sosial şəbəkələrdə ciddi narazılıqla qarşılanıb, müzakirələrə səbəb olub. Bəs, görəsən, qarşılaşmanın iş gününə salınmamasına nə mane olub?

Sorğumuza cavab olaraq Peşəkar Futbol Liqasının Texniki İdman Departamentinin direktoru Elgiz Abbasov Sportinfo.az-a açıqlamasında bunları dedi:

“Bəli, razıyam ki, şənbə və bazar günləri futbol üçün, xüsusən də maraq kəsb edən oyunlar üçün daha ənənəvi vaxt hesab olunur.

Ümumi danışsaq, biz bu tip oyunların ümumiyyətlə həftəsonu və tək oyun kimi reallaşmasını istəyirik. Amma bizdən asılı olmayan məqamlar da var.

Konkret olaraq, 16-cı turun “Neftçi” - “Qarabağ” oyunundan danışsaq, dekabr ayı qrafik baxımından daha sıx aydı.

Biz bütün komandaların oyun və istirahət balansını da nəzərə almalıyıq.

Nəzərə almaq lazımdır ki, “Qarabağ” və “Neftçi” kubokun 1/8 final mərhələsində istirahət edən komandalar olub, ona görə də onlar bundan öncəki turu digər komandalardan daha tez oynayıblar.

Əgər “Neftçi” - “Qarabağ” oyunu şənbə və ya bazar gününə təyin olunsaydı, o zaman 2 komanda 3 gündənbir oyuna çıxmalı idi ki, bu da təqvim baxımından uyğun variant deyil.

Ona görə də biz “Neftçi” - “Qarabağ” oyununu 5-ci gün saat 21:00 təyin etməklə həm azarkeşlərin oyuna gəlməsinə şərait yaratmış olduq, həm də digər komandaları sıx qrafikə salmadıq. Yəni ortaq məxrəci təqdim etmiş olduq.

Yekunda bildirim ki, biz bu oyunu iş saatlarında deyil, iş saatının bitməsindən 3 saat sonra təyin etmişik.

Əgər oyun saat 17:00-da başlasaydı, bəli, narazılıqları başa düşmək olardı”.

XANOĞLAN

Digər Xəbərlər
Xəbər Lenti