Dünən «Boulevard U-15 Liqası»nda 15-ci turun 6 oyunu keçirildi. Daha bir oyun bu günə təyin olunub. Tovuz şəhər stadionunda «Turan» «Neftçi»ni qəbul edəcək. Oyun 12:00-da başlayacaq. «Turan» - «Neftçi» matçı barədə oyun qarşılaşma başa çatdıqdan sonra ətraflı məlumat verəcəyik. İndi isə dünən keçirilən oyunlar barədə.
«Zirə» - İOEUGİM 3:2
Yeni ilin ilk oyunu Aviasiya Akademiyasının stadionunda keçirildi. Gərgin və maraqlı mübarizə şəraitində keçən «Zirə» - İOEUGİM oyununda matçında qapılara 5 qol vuruldu.
Oyundan əvvəl həm turnir cədvəlindəki mövqelər, həm də meydan amili baxımından cütün favoriti meydan sahibləri hesab olunurdular. Doğrudur, «Zirə» qalib gəldi, lakin böyük əziyyət bahasına. Oyunda hesabı 6-cı dəqiqədə «Zirə» açdı. Məhəmməd Səfərovun cinah ötürməsindən sonra Mahmud Ağayev topa hamıdan tez çataraq onu qapıdan keçirdi. 9-10 dəqiqə sonra meydan sahibləri daha bir qol vurdular. Amma bu dəfə öz qapılarına. Qonaqların futbolçusu Harun Abbasovun qapıya vurduğu top qapıçıdan geri qayıdarkən «Zirə»nin müdafiəçisi Cəlal Hüseynova dəyərək tora daxil oldu – 1:1. Avtoqola baxmayaraq, ərazi üstünlüyünə sahib olan «Zirə» fasiləyə hesabda da üstün yollana bildi. Hissənin sonlarına doğru yenə də Məhəmmədin cinah ötürməsindən sonra Mahmud fərqləndi.
İkinci hissənin əvvəllərində Harun hesabdakı status-kvonu bərpa etdi. Onun uzaq məsafədən qapıya doğru vurduğu top «doğğuzluq»da dayandı. Lakin «Zirə» sumqayıtlılardan 3 xalı «qopara bildi». Hesab bərabərləşəndən az sonra Gülağa Əsədovdan ara ötürməsi alan Mahmud qapıçı ilə üzbəüz qaldı və «het-trik»ini rəsmiləşdirdi. Mahmud «poker» də edə bilərdi. Əgər oyunun sonunda əlinə düşən əlverişli vəziyyəti dəyərləndirsəydi.
Küləkli və soyuq hava şəraitində keçən oyun hər iki tərəf üçün olduqca çətin alındı. Hər halda məğlub olmalarına rəğmən qonaqların xoş sözlərə layiq olduğunu deməliyik. İOEUGİM-nin baş məşqçisi Baba Əsgərov futbolçularının çıxışından razı qaldığını bildirdi. Amma «Zirə»nin çalışdırıcısı Cəfər Hüseynov komandanın oyunundan narazılığını gizlətmədi.
«Vətən» - «Qarabağ» 0:1
Turun ilk sensasiyası «Neftçi Baza»da qeydə alındı. Ötən turda «Neftçi»yə məğlub olan «Vətən» bu dəfə gözlənilmədən «Qarabağ»a uduzdu. Oyunboyu ərazi üstünlüyünə malik «məktəblilər» əlverişli qol imkanlarından istifadə edə bilmədilər. «Qarabağ» isə o qədər də çox olmayan təhlükəli epizodlardan birindən istifadə etməklə vacib qələbə qazandı. Özü də yeganə qol matçın başa çatmasına 12 dəqiqə vuruldu. Etibar Həsənovdan ötürmə alan Elnar Əkbərov fərqləndi.
Məğlub olmalarına baxmayaraq, İlqar Mənsimovun yetirmələri 2-ci pillədəki yerlərində qaldılar. İndi onları «Keşlə» ilə cəmi 2, «Zirə»ylə isə 3 xal ayırır. «Vətən»in növbəti tur «Qəbələ»ni qəbul edəcəyini və məğlubiyyət ehtimalının varlığını nəzərə alsaq, fevralın 4-də 2-ci pilləyə «Zirə»nin yüksəlmə şansı var. «Keşlə»ni ona görə demirik ki, bu komanda növbəti turu buraxacaq.
Asif Əlizadənin komandası isə turnir cədvəlində bu tur yerində qalsa da, növbəti turda «Turan»ı məğlub etməklə 3 pillə yüksələ bilər.
«Zaqatala» - «Kəpəz» 0:4
Çempionatın 2017-ci ildə qalan hissəsində qalib gələ bilməyən və autsayder olan «Zaqatala»nın fasilə müddətində toparlanacağını düşünmək olardı. Lakin gözlənilən baş vermədi. Komanda Zaqatalada yaxşı hazırlıq keçsə də, müəyyən səbəblərdən bir dəfə də olsun yoxlama oyunu keçirmədi ki, bu da «Kəpəz»lə oyunda uşaqların oyununa təsirsiz ötüşmədi.
Yağışlı havada və qarşılıqlı hücumlar şəraitində keçən qarşılaşmada hesab 30-cu dəqiqədə açıldı. Ümid Səmədovun ötürməsindən sonra Həsən Seyfullayev fərqləndi. İlk hissədə başqa qol olmadı. İkinci hissənin 8-ci dəqiqəsində Ayxan Qoşqarovun qapıya doğru vurduğu topu tutmaq istəyərkən meydan sahiblərinin qapıçısı Nail Əhmədov onu əlində saxlaya bilmədi və Həsən «hədiyyə»dən imtina etmədi. 12-13 dəqiqə sonra Ümid bu dəfə Sənan Əliyevin qol vurmasına şərait yaratdı. Matçda sonuncu qol oyunun son dəqiqələrində vuruldu. Qonaqlar bu qolda da Ümidsiz keçinmədilər. Məhz onun zərbəsindən sonra qapıçıdan qayıdan top Nihat Fərəclinin qarşısına düşdü və o, yekun hesabı müəyyən edən qola imza atdı.
Qapısında 4 qol görən Ceyhun Zurabovun yetirmələrinin də qol vurmaq imkanlarının az olmadığını deməliyik. Fərda Qurbanov, İsmayıl Qasarayev əllərinə düşən imkanlardan yararlana biləydilər, hesab fərqli olardı. Növbəti turu gözləyək. «Zaqatala» - «Neftçi» İK İB oyununda çempionatın 3 antirekordundan azı 1-i «yox ola» bilər. Antirekord deyəndə, hər iki komandanın qələbəsinin olmamasını və «Neftçi» İK İB-nin 10 turdur ki, qol vura bilməməsini nəzərdə tuturuq.
«Viləş» - «Qəbələ» 2:4
Turun ən məhsuldar görüşü Masallıda keçirildi. Anatoli Banişevski adına stadionda baş tutan qarşılaşmada qapılara 6 qol vuruldu.
Lider «Qəbələ»nin bu oyunda asan qalib gələcəyi gözlənilirdi. Amma meydan sahibləri qonaqlara xeyli çətinanlar yaşatdı. Hətta Kənan Seyfullayevin yetirmələri hesabda 2 dəfə önə keçdilər. Gəl ki, bu üstünlüyü sona kimi saxlamaq mümkün olmadı.
Hesabı bayaq dediyimiz kimi oyunun əvvəlində Samir Əliyevin ifasında «Viləş» açdı. O, qapıçı ilə təkbətək mübarizədən qalib ayrılıb. 20-ci dəqiqədə «Qəbələ» hesabı bərabərləşdirdi. Ümid Həmzəyev fərdi ustalığı sayəsində rəqibin 2 futbolçusunu geridə qoyaraq cərimə meydançasına daxil oldu və baxımlı qol vurdu. Cəmi 3 dəqiqə sonra «Viləş» bu dəfə Mirsəlim İsayevin cərimə zərbəsindən vurduğu gözəl qolla hesabda yenidən önə keçdi. Amma dərhal da qapısında qol gördü. 25-ci dəqiqədə Anar Tağıyevdən ötürmə alan Mehrac Baxşəliyev fürsəti boşa vermədi – 2:2.
Fasilədən sonra üstünlük qonaqların tərəfində idi. Onlar ərazi üstünlüyünü hesaba da yansıda bildilər. 45-ci dəqiqədə Ümid Həmzəyev ikinci dəfə fərqləndi. O, komandanın yeni futbolçusu Tofiq Vahabovun dirəkdən qayıdan topunu qapıdan keçirdi. Matçda «son nöqtə» 55-ci dəqiqədə qoyuldu. Ümid kimi Mehracla Anar da dublunu rəsmiləşdirdi. Birinci qol vurmaqla, ikinci isə məhsuldar ötürmə verməklə. 2 qol vuran Mehrac komandasının qələbəsində pay sahibi olmaqla yanaşı, bombardirlər yarışında şərikli olsa da, zirvəyə yüksəldi. İndi onun adında «Sumqayıt»lı Alı Alı ilə eyni sayda – 14 qol var.
Məğlubiyyətə rəğmən «Viləş»in sərgilədiyi oyunun ən xoş sözlərə layiq idi. Bunu bizimlə söhbətdə «Qəbələ»nin baş məşqçisi Rakif Əliyev bildirdi. Növbəti turda «Viləş»in nəyə qadir olduğunu «Səbail»lə oyunda görəcəyik. «Qəbələ»yə gəlincə, «Viləş» üzərində qələbədən sonra komandanı daha bir çətin sınaq gözləyir. Həftəsonu qəbələlilər «Vətən»in qonağı olacaqlar.
«Sumqayıt» - «Neftçi» İK İB 0:0
«Kapitalbank Arena»da keçirilən oyunda qapılara qol vurulmasa da, oyun təhlükəli epizodlarla zəngin oldu. Meydan sahibləri oyunboyu ərazi üstünlüyünə sahib idilər. Əsas da son 15-20 dəqiqədə bu üstünlük özünü açıq-aşkar göstərdi. Lakin Mehman Yunusovun komandası qələbə qazanmağı bacarmadı. Bunu turun 2-ci sensasiyası kimi qələbə vermək olar.
«Sumqayıt»la oyunda qazanılan 1 xal «Neftçi» İK İB adına uğur sayılsa da, komanda 10 turdur ki, qol vura bilmir. Aktivində qələbə belə yoxdur. Bu tura kimi komandanı çalışdıran Arif Abbasov qış fasiləsində aşağı yaş qrupuna keçirilib. Onu bu postda U-16 komandasının məşqçisi Ramin Babayev əvəzləyib. Ramin müəllimin komandaya nə dərəcədə xeyri dəyəcəyini zaman göstərəcək. Azından futbolçuların A.Abbasovun vaxtındakı komandadan daha yaxşı oyun sərgiləyəcəyini və «qara zolaq»dan çıxacağını deyə bilərik.
İsgəndər Cavadov BFA – «Keşlə» 0:3
Futbola yaraşmayan havada keçən oyunda «Keşlə» ardıcıl 5-ci qələbəsini qazandı. Amma bu qələbə komandaya böyük zəhmət və əziyyət bahasına başa gəldi. Oyunun favoriti şəksiz qonaqlar idi. Gəl ki, heyətdəki çatışmazlıqlar bu iddianı şübhə altına salırdı. Komandanın aparıcı oyunçularından Vaqif Həsənov, Əbil Əbilov, Xəyal İbrahimov, Hümmət Məmmədov müxtəlif səbəblərdən oyunu buraxırdılar. Əsas heyətdə meydana çıxanlardan ikisi isə xəstə idi. Sadalanan çətinliklərə rəğmən «Keşlə» qalib gələ bildi.
Oyunun birinci hissəsində qonaqların bir neçə əlverişli qol imkanları olmasına baxmayaraq, hesab açılmadı. Doğrudur, Xəyal Mustafayevin komandası bir epizodda qol vurdu. Amma hakim ofsayd göstərərək qolu qeydə almadı.
İlk hissədə küləyə qarşı oynayan «Keşlə» fasilədən sonra hücumlarının kəsərini daha da artırdı və 44-cü dəqiqədə istəyinə çatdı. Qurban Səfərovdan ötürmə alan Anar Quliyev uzaq güncü dəqiq nişan aldı. 9 dəqiqə sonra qonaqlar 2-ci qolu vurdular. Bu dəfə Nihat Abbasov oyunun ən yaxşılarından olan Asif Səfərovu qapıçı ilə üz-üzə qoydu. Asifin «doqquzluğ»u dəqiq nişan aldı. Yekun nəticəni müəyyən edən qol isə matçın son dəqiqəsində vuruldu. Rəşad Həsənov fərqləndi.
Məğlubiyyətə baxmayaraq, Qəhrəman Əliyevin komandası xoş sözlərə layiqdir. Yeni qurulmuş kollektivdə bir neçə futbolçu xüsusilə seçilirdi. Onlardan Məhəmməd Məhəmmədovun oyununu qeyd etmək olar.
28 yanvar
12:00 «Turan» - «Neftçi» (Tovuz şəhər stadionu)

Bombardirlər: Alı Alı («Sumqayıt»), Mehrac Baxşəliyev («Qəbələ») – 14 qol, Elvin Abdullayev («Vətən») – 13 qol,
«Het-trik news» qəzetinin və sportinfo.az saytının birgə layihəsi

