İdman xilas edir, qoruyur, yaşadır - Bəs, görəsən, hamı yaxşı idmançı ola bilərmi?

1 Fevral 2022 11:40 Layihə 649
İdman xilas edir, qoruyur, yaşadır - Bəs, görəsən, hamı yaxşı idmançı ola bilərmi?

Ölkəmizdə idman və bədən tərbiyəsinin inkişafı dövlətin əsas prioritetləri sırasındadır.

Yeniyetmə və gənclərimiz idmanın müxtəlif növlərinə maraq göstərir, bu və ya digər idman növü ilə məşğul olurlar.

Təbii ki, bütün idmançılar kimi yeniyetmə və gənclərin, xüsusilə idmana yeni başlayanların fəaliyyətlərində psixoloji hazırlıq mühümi yer tutur.

Bəs, görəsən, hamı yaxşı idmançı ola bilərmi? Bunun üçün insanda hansısa xüsusi keyfiyyətlər olmalıdırmı? Psixoloji durumu yerində olmayan, illər əvvəl çox güclü sarsıntı keçirən və hələ də onun təsirində qalan idmançı çempion ola bilərmi?

Psixoloqlar bu suallara birmənalı cavab olmadığını bildirir. Bir neçə psixoloqun fikirləri əsasında ortaya çıxan ümumi fikir isə təxminən belədir:

İnsanın gələcək həyatı bir çox hallarda məhz yeniyetməlik dövründə atdığı addımlardan asılı olur. Bu mənada yeniyetməlik dövrü xüsusi həssaslıq, diqqət və valideyn nəzarəti tələb edən bir mərhələdir.

Yeniyetmə və gəncin həyatı nə qədər sağlam, düzgün olarsa, bu, onun üçün bir o qədər yaxşıdır. Onlar günlərinin təqribən 20 faizini dərslərə sərf edirlər. Bəs, qalan boş vaxt?

Axı, yerdə qalan vaxt da necəsə keçməlidir. Bunun üçün yaxşı olar ki, şagird, tələbənin həvəs göstərdiyi, maraqlandığı bir və ya bir neçə məşğuliyyət sahəsi olsun. Məsələn, musiqi, əssamlıq, xarici dil öyrənmək.

Bunlar arasında idmanla məşğul olmaq da xüsusi yer tutur. Yeniyetmə və gənclər 1,5-2 saat zallarda idmanlaə məşğul olurlar. Əlbəttə, enerji sərf olunur.

Ona görə də nə olursa olsun, evə gəlib dincəlməyə, itirilmiş enerjini bərpa etməyə çalışırlar. Nəticədə bəzi həmyaşıdlarından fərqli olaraq tüfeyli həyat tərzindən, zərərli vərdişlərdən uzaq olurlar. Bu isə asudə vaxtın səmərəli keçirilməsi deməkdir.

İdmanla məşğul olmağın növbəti müsbət cəhəti isə insanın xarakterində, davranışında özünü göstərir. Müşahidələr göstərir ki, idmanla məşğul olanlar daha möhkəm xarakterli, qətiyyətli, həmçinin köməksevər olur, böyük-kiçik yeri bilir, öz hərəkətlərində nizam-intizamı, səliqəni gözləyirlər.

İnsanın tək olanda etdiyi davranışlarla, kollektiv arasında davranışı adətən üst-üstə düşmür. Bu, psixoloji təsir vasitələri ilə, daha dəqiq desək, təqlidlə bağlıdır.

İnsan müəyyən qrup arasında olarkən istər-istəməz ətrafdakıların etdiyini edir. Məsələn, biz ekran qarşısında futbol matçlarını nisbətən sakit, stadionda isə böyük coşğu, emosiya ilə izləyirik. Lakin çalışmaq lazımdır ki, təqlid edəndə də mümkün qədər müsbət halları təqlid edək və hansı kollektivə düşdüyümüzü dərk edək.

Aydındır ki, idmançılar həmişə qələbə üçün çalışırlar. Lakin idmanda həmişə qalib gəlmək mümkün deyil. Hər bir idmançı qələbə sevinci kimi, məğlubiyyət acısını da yaşamalıdır.

Məğlubiyyətə səbəb olan əsas vasitələr arasında texniki-taktiki, fiziki və ya psixoloji göstəricilər əsas götürülür. Bu sadaladığımız hallar yarış zamanı idmançının rəqibdən geri qalmasına təsir edir.

Mütəxəssislərin fikrincə, idmançıda texniki-taktiki, fiziki və psixoloji hazırlıq paralel inkişaf etməlidir. Bəzən isə idmançılar öz hədəflərinə çatmırlar.

Bu, bir sıra hallarda məhz psixoloji durumun qaydasında olmaması ilə bağlıdır. İdmançının rəqiblə qarşılaşan zaman üzündə yaranan emosiya, gözlərdəki ifadə artıq çox şeydən xəbər verir.

Bəzən rəqibin sadəcə, zahiri görkəmi, bəzən isə statusu qarşı tərəfdə qorxu yaradır. Ancaq bu, rəqiblə yox, qorxan idmançının özü ilə bağlı olan məsələdir. Belə ki, həmin idmançıda özünüqiymətləndirmə aşağı olur.

Əgər idmançı özünü və düşdüyü situasiyanı düzgün qiymətləndirə bilmirsə, onun uduzmağı heç də təəccüblü deyil. Bu vaxt psixoloqlar idmançının köməyinə gəlməlidir. Onlar xüsusi "açar" sözlərdən istifadə etməklə idmançıda özünəinam hissi aşılamalıdırlar.

Xanoğlan İmanov

Qeyd: Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə hazırlanıb. Əyalətdə futbolumuz və sağlam cəmiyyət naminə fəaliyyət göstərən akademiya

Xəbər Lenti