LAYIHƏ: U-15 Liqası: «Neftçi» 4-cü yerə yüksəldi

26 Noyabr 2017 22:57 Layihə 1 879
LAYIHƏ: U-15 Liqası: «Neftçi» 4-cü yerə yüksəldi

Həftəsonu «Boulevard U-15 Liqası»nda 10-cu tura yekun vuruldu. Şənbə günü 1 oyun keçirildi. «Kəpəz» Gəncədə «Səbail»i qəbul etdi. Digər 6 oyun isə bazar günü baş tutdu.

«Kəpəz» - «Səbail» 3:1

Gəncə şəhəri TİM-nin stadionunda baş tutan qarşılaşmada üstün tərəf kimi meydan sahibləri görünürdülər. «Kəpəz»in daha çox «ev komandası» təsiri bağışlaması, «Səbail»in isə səfərdə «dişsiz» olması bunu deməyə əsas verirdi. Gözlənilənlər özünü doğrultdu…

Oyunda hesabı meydan sahibləri açdılar. 15-ci dəqiqədə qonaqlar özlərinin cərimə meydançasında Ümid Səmədova qarşı kobud oynadılar və hakim penalti təyin etdi. Zərərçəkən fürsəti boşa vermədi – 1:0. Bundan 4-5 dəqiqə sonra Həsən Seyfullayevin qapı önünə etdiyi ötürmə qonaqların müdafiəçisinə dəyərək səmtini dəyişdi və qapıdan keçdi. 31-ci dəqiqədə Xaqani Məmmədovun yetirmələri yenə də fərqləndilər. Amma bu dəfə topu «Kəpəz»in qapısından keçirməklə. Rauf Ağahüseynov «Kəpəz»in müdafiə xəttinin səhvindən məharətlə istifadə etdi. Birinci hissədə başqa qol vurulmadı və komandalar fasiləyə gedərkən hesab 2:1 meydan sahiblərinin xeyrinə idi.

Qarşılıqlı hücumlar şəraitində keçən ikinci hissədə cəmi 1 qol vuruldu. 18-ci dəqiqədə Sənan Əliyev fərqləndi. Qələbə sayəsində İlham Səmədovun yetirmələri turnir cədvəlində 2 pillə irəliləyərək 5-ci yerə yüksəldilər. «Səbail» isə ardıcıl 3 oyunda məğlub olmaqla vəziyyətini bir qədər də çətinləşdirdi. Aktivində 12 xal olan bu komanda 9-cu yerdə qərarlaşıb.

«Zirə» - «Sumqayıt» 2:3

Turun ən gözlənilməz nəticəsi Aviasiya Akademiyasının stadionunda keçirilən oyunda qeydə alındı. Ötən tur «Turan»la səfər oyununda gözlənilmədən heç-heçə edən «Zirə» bu dəfə «Sumqayıt»la oyunda məğlub oldu.

Gəncədə olduğu kimi burada da hesab penaltidən açıldı. 15-ci dəqiqədə meydan sahiblərinin özlərinə aid cərimə meydançasında əllə oynadılar və hakim «ağ nöqtə»ni göstərdi. Alı Alı penaltini dəqiq yetirdi. 4 dəqiqə sonra «Zirə»nin futbolçusu Vüsal Əliyev təxminən 25 metr məsafədən baxımlı qola imza atdı – 1:1. Gözləmək olardı ki, meydan sahibləri bu qoldan ruhlanaraq oyunda dönüş yaradacaqlar. Amma əksi baş verdi. Oyuna nəzarət «Zirə»nin tərəfində olsa da, 1-ci hissənin başa çatmasına 1 dəqiqə qalmış Alı Alı ikinci dəfə fərqləndi. Gənc futbolçu bu dəfə də standart vəziyyətdən qol vurdu. Amma penaltidən yox, cərimə zərbəsindən.

İkinci hissə başlayar-başlamaz meydan sahibləri daha bir şok yaşadılar. Rəqibi oyundan kənar vəziyyətdə yaxalamaq istəyərkən səhvə yol verdilər və Fərid Kərimli hesab arasındakı fərqi 2 topa çatdırdı. Məğlubiyyətdən yaxa qurtarmaq üçün irəli atılan Cəfər Hüseynovun yetirmələrinin gücü yalnız 1 qol vurmağa çatdı. Güloğlan Hüseynli fərqlindi.

Qeyd edək ki, «Zirə» 3 oyundur ki, qalib gələ bilmir. «Vətən» və «Turan»la 2 heç-heçədən sonra «Sumqayıt»a məğlub olan bakılılar «qara zolaq»dan çıxmaq üçün növbəti turda autsayder «Zaqatala»nı mütləq məğlub etməlidirlər.

«Keşlə» - «Vətən» 0:1

Turun mərkəzi qarşılaşması hesab edilən bu oyun kifayət qədər maraqlı keçdi. Oyundan əvvəl hər iki komandanın qələbə şansı eyni qiymətləndirilirdi. Üstəlik, tərəflər oyuna itkilərlə çıxmışdılar. Meydan sahiblərindən Seymur Məmmədovla Əbil Əbilov, qonaqlardan isə Fərrux Fərzəliyevlə Rəhim Cəfərli zədə səbəbindən meydana çıxmamışdılar. Oyun qarşılıqlı hücumlar şəraitində keçdi. Hər iki tərəfin bir neçə epizodda qol vurmaq imkanı oldu. Düzü, «Keşlə»nin qapısı önündə yaranan təhlükəli vəziyyətlər bir qədər çox idi. Matçda yeganə qol birinci hissənin ortalarında vuruldu. Künc zərbəsindən sonra cərimə meydançasına edilən asmanı Bəhruz Tanrıverdiyev başla meydan sahiblərinin qapısından keçirdi. Qarşılaşmanın son dəqiqəsində «Keşlə» hesabı bərabərləşdirə bilərdi. Lakin Emil Nəbiyevin yaxın məsafədən vurduğu zərbə zəif alındı və qapıçı topu çətinlik çəkmədən tuta bildi.

Ardıcıl 2 qələbədən sonra məğlub olan Xəyal Mustafayevin komandası «Neftçi» və «Kəpəz»i turnir cədvəlində özündən irəli buraxdı. Səfər qələbəsi sayəsində «Vətən» 2-ci pillənin şəriksiz sahibinə çevrildi. Hazırda bu komandanı lider «Qəbələ»dən 5 xal ayırır. İlqar Mənsimovun yetirmələrinin qəbələlilərdən 1 oyun az keçirdiyini də qeyd etməliyik.

«Neftçi» İK İB – «Qəbələ» 0:2

«Qəbələ»dən söz düşmüşkən, Rakif Əliyevin rəhbərlik etdiyi komanda gözlənildiyi kimi «Neftçi» İK İB-ni məğlub etdi. Oyunda hər iki qolu qonaqların hücumçusu Mehrac Baxşəliyev vurdu. 29 və 45-ci dəqiqələrdə fərqlənin futbolçuya ötürmələri Kaamal Kazımov verdi.

İOEUGİM – «Viləş» 1:1

Təəssüf ki, bu oyun haqqında ətraflı bilgi ala bilmədik. Yalnız hesabdan başqa. Eyni gücə malik iki komandanın mübarizəsi hesabda da özünü əks etdirdi – 1:1.

«Neftçi» - «Qarabağ» 2:1

«Neftçi» deyəsən, yavaş-yavaş «qara zolaq»dan çıxır. «Kəpəz» və «Neftçi» İK İB üzərində qazanılan qələbələrdən sonra Tofiq Mustafayevin yetirmələri bu dəfə «Qarabağ»ı məğlub etdilər. Oyunda hesabı qonaqlar açdılar. 19-cu dəqiqədə Musa Musazadə fərqləndi. İkinci hissədə «Neftçi» 2 qol vurmaqla qələbə qazana bildi. Əvvəl 47-ci dəqiqədə Nihad Cəfərov hesabda tarazlıq yaratdı. Oyunun başa çatmasına 4 dəqiqə qalmış isə Altay Əbdülkərimov «Neftçi»nin qələbə qolunu vurdu – 2:1.

Qeyd edək ki, qonaqlar oyunda vurulan sonuncu qolun hakim səhvindən sonra vurulduğunu iddia edirdilər. Bunun nə dərəcədə doğru olub-olmadığını isə sübut etmək mümkün deyil. Hər halda qalibi mühakimə etməzlər. «Neftçi»ni təbrik edir, «Qarabağ»a isə növbəti oyunlarda uğurlar arzulayırıq.

İsgəndər Cavadov BFA – «Turan»

Məşhur futbolçunun adını daşıyan akademiyanın komandası yenə də qələbə qazana bilmədi. «Bakı Baza»da keçirilən bu oyunda cəmi 1 qol vuruldu. İkinci hissənin 10-cu dəqiqəsində qonaqların futbolçusu Sənan Aslanov «Turan»a 3 xal qazandıran qola imza atdı. Bu qələbə sayəsində Ruslan Abbasovun yetirmələri həm məğlubiyyətsiz oyunlar seriyasını 4-ə çatdırdılar, həm də turnir cədvəlində 2 pillə irəlilədilər. İsgəndər Cavadov BFA isə «Neftçi» İK İB və «Zaqatala» ilə eyni aqibəti yaşayır – hələ də qələbə qazana bilməyən «trio» turnir cədvəlinin zirzəmisində var-gəl edir.

U-15 Liqasında növbəti turun oyunları dekabrın 2-3-də keçiriləcək:

«Qəbələ» - «Neftçi», «Səbail» - «Neftçi» İK İB, «Viləş» - «Kəpəz», «Vətən» - İOEUGİM,

«Turan» - «Keşlə», «Sumqayıt» - İsgəndər Cavadov BFA, «Zaqatala» - «Zirə».

Sportinfo.az

Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir.

Store Neftchi
Xəbər Lenti