Qarabağa vəfalı "Qarabağ"

2 Oktyabr 2020 15:46 Köşə 1 149
Qarabağa vəfalı "Qarabağ"

Bu, lazım idi. Bu, lazımdan da lazım idi.

Bu, vacib idi. Bu, vacibdən də vacib idi.

Hər qələbənin öz əhəmiyyəti, öz sevinci, öz qiyməti var. Bu qələbənin əhəmiyyəti, sevinci, qiyməti bir başqadır.

«Qarabağ» uzun illərdir Avropada bir yol gəlir. Bu yolun enişi də olub, yüksəlişi də. Futbolun içində bunların hamısı var, ondan qaçmaq qeyri-mümkündür.

Top oyunu sığortanı, sığortalanmağı sevmir. Ədalət bu meydanda çox zaman zəfər çalır.

Yaşıl sahənin başı üzərində dolaşan futbol ilahəsi bəzən bu prinsipləri pozur, düzdür. Amma ki, doğru strategiya seçən, yolundan dönməyəni də sevir, enində-sonunda haqq etdiyini ona qazandırır.

Ardıcıl 7 il avrokubokoarın qrupunda oynamaq… Biz hələ də bunu tam mənasıyla dərk etmirik. Biri elə özüm. Odu sönüb, külünün ümidinə qalan Azərbaycan çempionatından çıxan bir komandanın əldə etdiyi bu uğurların çəkisini anlamağa çətinlik çəkirik.

«Qarabağ» bizləri belə zəfərlərinə elə öyrəşdirib, elə alışdırıb ki… Bəzən «belə də olmalıdır» deyə düşünürük, düşünürəm. O deyirlər e, bir güllə bahar olmaz, bu, «Qarabağ»dan yan keçən, ona aid olmayan məsəldir.

Doğrudan da, Qurban Qurbanov boş səhranın bir küncündə əsl gülüstanlıq yaradıb. Adam kimi adam olanda, Azərbaycan futbolunun xilaskarı, Fərhadı da sən olursan.

Onunku iynə ilə gor eşmək deyil. Onunku dağ çapmaqdır, qaya yarmaqdır, nəsə yaratmaqdır. Bunu illərdir dayanmadan edir.

Bütün kənar təzyiqlərə, müdaxilələrə, ayaqdan çəkmələrə rəğmən. Nə arxasınca danışanlara dönüb baxır, nə sağ və sol istiqamətdən gələn zərbələrə.

Külüngünü əlindən yerə qoymur, səbrlə işinə davam edir. Arxasında dayananlara arxayındır. Özünə arxayındır. «Qarabağ»ın işığına yığışanlara, onların səmimiyyətinə arxayındır.

Bir oyun başqa, iki oyun başqa, dünənki oyun bir başqşa. «Qarabağ» Varşavada cari mövsümün ən yaxşı oyununu keçirdi. Əvvəl gördüyümüz «Qarabağ» dünənki «Qarabağ» idi, qayıtmışdı.

Bu dönüşdə inanılmaz istək, sürət, əzmkarlıq, bir sözlə, daha nə yox idi ki…

Hər şey dörd-dördlük. «Legiya»nı öz evində, adı «ordu» sözüylə başlayan stadionda, o vahiməli aurası olan meydandan silib-süpürmək var ha, bunu yalnız həminki «Qarabağ» edə bilərdi və etdi. Məşqçi zəkasının, futbolçu birliyinin, Qarabağ adının verdiyi şücaətlə, qəhramancasına.

Avroliqada pley-offa kimi rəqiblərini Varşavada qəbul etmiş, «Qarabağ»ı da qonaqlamaqla püşkün onun üzünə gülməsinə əmin olan «Legiya»nın qapısı önündə toy-bayram çadırı qurmaq üçün Qurban Qurbanov bəlkə də günlərlə yatmayıb, yollar axtarıb.

Açığı, mən də gözləmirdim ki, «Qarabağ» «Molde» ilə məlum penallaşma sonluğunu belə tez başından atar. «Neftçi» və «Sumqayıt»la oyunlarda Kipr səfərinin gətirdiyi psixoloji basqının miqyasını görmüşdüm deyə, «Legiya»nın son rəqib olacağını fikirləşirdim. Yəqin ki, mənim kimi, bir çoxunuz da bu qənaətə gəlmişdiz. Məncə, sözün düzü demək, etiraf etmək qəbahət sayılmamalıdır, ələlxüsus, bu məqamda.

Məqam demişkən, ermənilərin Qarabağda müharibəyə başlamasının «Qarabağ»a təsiri birbaşadır. Hamısı üst-üstə düşdü, klub camiəsini köklədi.

Ordumuzun cəbhə xəttində bir-birinin ardınca uğurlu əks-hücum əməliyyatları keçirdiyi bugünlərdə daha bir zəfər xəbəri Varşavadan gəlməsəydi… Qurban Qurbanov bunu bilərək komandanı hazırlamadı.

O, bütün varlığı, canı, qanı, ruhu ilə komandanı bir yerə yığdı, futbolçuları əzəmətinə inandırdı.

Desəydilər, qələbə qazanmaq üçün ömründən 10 il ver, Qurbanov buna da, bəlkə həyatının qalan hissəsini də verməyə razılaşardı? Hesab etmirəm.

Özü zəfərə inanmasaydı, komandasını da dünənki möhtəşəm gecəyə hazırlaya bilməzdi. Qalibiyyət əminliyi bu cür insanların içindədir, zatındadır. Onlar bu cür dünyaya gəlməsə, getditkləri hər yerdə peşmanlıq hissi keçirər, inamı gümanla qarışdırar, doğrultmaz.

Zəfər bayrağı isə artıq neçə illərdir Qurbanovun, «Qarabağ»ının əlindədir. Qarabağdakı əməliyyatlardan bir qədər də ruh alan, onu doğma şəhərinə bir qədər də yaxınlaşdıran ordudan ilhamlanan «Qarabağ» dünən onlara da, Azərbaycana da vəfa borcunu qaytarmış oldu.

Bir fədai, bir əsgər, bir komandir kimi.

Xəzər Hikmət

Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”