Xainlərə dəstək, vətənpərvərlərə dirsək!

17 Fevral 2020 11:59 Köşə 1 656
Xainlərə dəstək, vətənpərvərlərə dirsək!

80-ci illərin sonu, 90-cı illərin əvvəlləridir. Azərbaycan ermənilərin ərazi iddiaları ilə mübarizədə tək qalıb. Ölkəmizə qarşı az qala bütün dünyada həm də informasiya müharibəsi aparılır.

Belə bir məqamda “Neftçi”də oynayarkən azərbaycanlıların gözünün yağını yedirtdikləri, əslən Bakıdan olan İqor Ponomaryov karyerasını İsveçdə davam etdirir.

O, Azərbaycanın üzləşdiyi haqsızlıqla bağlı İsveç ictimaiyyətinə bircə kəlmə də məlumat vermədi. Əksin, Azərbaycanda təzyiqə məruz qaldığını bildirib İsveçdən siyasi sığınacaq aldı. Və beləcə, Azərbaycanı sataraq Avropada yaşamağa başladı.

Ay ötdü, il dolandı. Azərbaycan inkişaf etdi, ölkə futboluna da milyonlarla manat vəsait ayrıldı. Və Ponomaryov şirnikləndi. Azərbaycana gəldi, klublarda çalışdı, yığma komandanın baş məşqçisi oldu Prezident təqaüdü ilə təmin edildi. Dünən satdığı ölkədə yenə də kökə gördü.

80-ci illərin ikinci yarısı idi. “Neftçi”də oynayarkən hər şeylə təmin olunan ortabab səviyyəli bir futbolçu – İsgəndər Cavadov hansısa məşqçi ilə yola getmir. Azərbaycanı tərk edir, Moldovaya gedir. “Nistru” “Neftçi” ilə qarşılaşanda “Neftçi”nin qapısına penalti təyin edilir.

Cavadov israrla tələb edir ki, bu penaltini özü vuracaq. Vurur, sonra da üzünü Azərbaycan komandasının texniki zonasına tutaraq əli ilə qeyri-etik jest edir. Bu, Azərbaycana qarşı edilən tərbiyəsizlik idi.

İndi o İsgəndər Cavadov da Azərbaycanda futbolun səfasını çəkir. Baxmayaraq ki, heç vaxt cəfa çəkməyib. Azərbaycan futboluna bir çimdik də xeyir verməyib, amma ovuc-ovuc xeyir götürür.

90-cı illərin əvvəlləridir. Azərbaycan yenicə UEFA və FİFA-ya qəbul olunub. Yığma komandanı formalaşdırmaq, dünyaya təqdim etmək lazımdır. Amma nə ilə? Pul yox, şərait yox. Məşq etmək üçün asfaltı verirlər, oyunlara avtobusla gedirlər.

Belə vaxtda Nazim Süleymanov Rusiyada Azərbaycan futbolunu təmsil edir. Ona Rusiya yığmasının şərəfini qorumağı təklif edirlər. O isə bundan qətiyyətlə imtina edir. Avropa və dünya çempionatlarının final mərhələsində oynamağı yox, heç bir perspektivi olmayan Azərbaycan yığmasını seçir. Yığmanın oyunlarına öz vəsaitləri hesabına gedirlər.

Və bu gün o Nazim Süleymanovu AFFA düşmən elan edib. “Xainlərə dəstək, vətənpərvərlərə dirsək” olub AFFA-nın iş prinsipi. Kimdir AFFA-nın prezidenti, icraçı vitse-prezidenti? Rövnəq Abdullayev, Elxan Məmmədov. Onların iş prinsipi başqa cür ola bilərdi? Yazıq Vətən!

Natiq Muxtarlı

Xəbər Lenti