2022-də bundan gözəl arzu? – Gözəlim pələng, gör, nə deyirəm sənə...

30 Dekabr 2021 22:20 Köşə 911
2022-də bundan gözəl arzu? – Gözəlim pələng, gör, nə deyirəm sənə...

2021-in son dəqiqələrini yaşamaqdayıq.
Başa çatmaqda olan öküz ili hər birimiz üçün müxtəlif hadisələrlə yadda qaldı. Biri sevindi, digəri üzüldü, bir başqası təəssüfləndi. İllər keçəcək və 2021-dən söz düşəndə xatirələr hərədə bir cür canlanacaq.

Şəxsim adına onu deyə bilərəm ki, Birinci Vətən Müharibəsində ayaq barmaqlarını itirmiş atam üçün dayandığımız mənzil növbəsindən bu il şad xəbər aldıq. Cənab Prezident İlham Əliyev sentyabrda rəhmətlik atama 3 otaqlı mənzillə təşəkkürünü bildirdi. Bizdə ölkə başçısına diqqətinə görə minnətdarlıq etdik.

“Sportinfo”ya gəlişim də 2021-in sentyabrına təsadüf etdi ki, xeyli vaxtdır dost münasibətində olduğum həmkarlarımla, nəhayət, çiyin-çiyinə çalışmaq şansı qazandım. Və bu gün möhtəşəm kollektivdə özümü sudakı balıq kimi rahat hiss edirəm.
Xeyli vaxtdır üzünü görmədiyin doğmalarımı da 2021-də uzun fasilədən görmək imkanı yaxaladım. Ayyarım əziyyət çəkdiyim böyrək xəstəliyini nəzərə almasam, son dəqiqələri vurulan ili möhtəşəm adlandıra bilərəm.

İndi gözlər 2022-yə dikilib.
Hərənin bir arzusu, özü, ailəsi, xalqı üçün muradı var. Doğmalarıma, dost-qardaşlarıma, həmçinin siz oxuculara Allahdan ilk növbədə sağlamlıq arzu edirəm. Canımız sağ, başımız dinc olsun. Ölkəmizdəki əmin-amanlıq bu cür də davam etsin.

Futboldan yazan birinin futbolla bağlı diləyinin olmaması absurd görünər. Əksər vaxtlarda bizi əsəb içində boğan Azərbaycan futbolu ilə bağlı ən böyük arzum 2022-ni caynaqlarında gəzdirəcək pələngdəndir.

Gözəlim pələng, səndən bir istəyim var. 2022-ci ildə bizi Canni de Byazi, Milan Obradoviç, Miloş Velebit kimi Azərbaycanın pullarını ölkələrinə daşıyıb qarşılığında bizə heç nə verməyən əcnəbilərdən əlindən qurtar.

Yox elə onları Azərbaycandan. Necə etməli olduğunu sən bizdən yaxşı bilirsən, yol göstərməyim insafsızlıq olar. Elə et ki, bir də ayaqları torpaqlarımıza dəyməsin. Nəinki onların, ümumiyyətlə, heç bir xarici məşqçinin.

Gör, bir də nə xahiş edirəm. Gücün qalsa, hədə-qorxu gələn olmasa, gülləyə tuş gəlməsən, həmin əcnəbilərin Azərbaycana axınına şərait yaradanları da məhv et. Yapış yaxalarından, ağıllanacaqlarına söz versinlər. Görsən ki, sözlə anlamırlar, yırt, parçala, yox et onları.
Gözləyəcəyəm, pələng!

HƏBİB

Xəbər Lenti