QALSTUK - Hər şeyi var, nəyisə çatmır

3 Dekabr 2021 21:20 Köşə 1 163
QALSTUK - Hər şeyi var, nəyisə çatmır

AFFA-nın İcraiyyət Komitəsinin iclasından əvvəl, ya sonra çəkilən şəkildir.

Futbolumuzun başında duranların baş toplusuna adam baxdıqca baxmaq istəyir. Bir tərəfdən üzülür, bir tərəfdən sevinirsən.

Sevinirsən ona görə ki, məlum fotonu avropalılar görsə, ölkəmizin və futbolumuzun adına bəxtəvər oxuyar, təriflər qoşar, nəğmələr oxuyar.

Maşallah, hərəsi bir sahənin ağasıdır, görkəmləri göz çıxarır.

Üzülürsən ona görə ki, futbolumuzun əsas söz sahibləri bu cür adamlar olsa da, futbolumuz yetimdir. Sanki idman oyunlarının şahını övladlığa götürüblər, amma heç biri doğmalıq etmək istəmir.

İctimaiyyətə göstərilən bu fotoda bir məqam çoxlarının diqqətini çəkib - sabiq XİN naziri Elmar Məmmədyarovun geyimi. Əslində o da digərləri kimi başını dik tutaraq şux dayanıb. Azərbaycan futbolunun bədbəxtliyi digərləri kimi onun çöhrəsində də əks olunmur.

Amma adam iclasda iştirak edənlərdən fərqlənməyi bacarıb. “Boulevard Hotel”dəki tədbirə qalstuksuz qatılmağı qərara alıb.

Başa düşürük, adam 16 il çalışdığı nazir vəzifəsindən göndərilib, adam faktiki işsizdir. Adam ölkə futbolunun qayğıları ilə yaşamır.

Amma bütün bunların cavabı iclasa qalstuksuz qatılmaq olmalıydı? Həmin məntiqlə ölkə futbolunun bu günü orda dayananların heç birini maraqlandırmır.

Sadəcə, məcburiyyətdən, ya nədənsə yığıncaqlara qatılıb əsas söz sahiblərinin ideyalarını dəstəkləyirlər.

Onlar da qalstuk taxmazdı, taxmamalıydı.

Bəlkə də kişi qalstukunu evdə unudub, demək çətindir. Deyə biləcəyimiz odur ki, bu foto Azərbaycan futbolunun güzgüsüdür.

Hər şeyi var, amma nəyisə (nəticə) çatmır. Elmar Məmmədyarovun çatışmayan qalstuku kimi.

HƏBİB

Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!