“Neftçi”də ağlaşma

16 İyun 2021 13:00 Köşə 1 781
“Neftçi”də ağlaşma

Çempionlar Liqasının birinci təsnifat mərhələsində “Neftçi”nin rəqibi Tbilisi “Dinamo”su olacaq.

Olduqca uyğun rəqibdir, hətta deyərdim ki, “Neftçi” üçün bundan münasib rəqib ola bilməzdi.

Birincisi, komanda uzaq səfərə çıxmayacaq, ikincisi də Gürcüstan klublarının səviyyəsi, hətta ortababdan da xeyli aşağıdır.

Gürcüstan futbolunda əsas hədəf yetişdirdikləri futbolçuları xaricə çıxartmaq olduğundan, güclü klub formalaşdırmaq barədə düşünmürlər. Yəni futbolçu satışından pul qazanırlar.

Ona görə də, əsasən yerli və gənc futbolçulara üstünlük verirlər. Məsələn, “Dinamo”nun maaş büdcəsi “Neftçi”nin 3-4 legionerinin aldığından az olar ki, çox olmaz.

Bir sözlə, “Neftçi”nin bəxti gətirib.

Ancaq nə məsələdirsə, “Neftçi”də artıq ağlaşma başlayıb. Dəsmalı əlinə ilk götürən isə komandanın baş məşqçisi Samir Abasov olub. Deyib ki, “Dinamo” bir-iki məsələdə bunlardan üstündür. Məsələn, Gürcüstanda çempionat davam edirmiş. Nə böyük üstünlük? Ax ədalətsiz püşk. “Neftçi”yə, çempionatı yazda başa çatan ölkənin komandası

nı rəqib edə bilməzdin? Məsələn, Bolqarıstan “Ludoqorets”ini.

Hələ bir yekə üstünlüyü də varmış “Dinamo”nun – baş məşqçiləri Kaxaber Sxadadze. Abasov deyib ki, onun nəyə qadir olduğunu mən də bilirəm, futbol ictimaiyyəti də.

Nəyə qadirdir Sxadadze, Abasov?

“İnter”i cinayətkar Cahangir Hacıyevin dövlətdən mənimsədiyi vəsaitlə çempion edib. Özü də nə zülmlə, hansı dələduzluqlarla. Gürcüstan yığmasın dan qovublar,

Qazaxıstandan iti qovan kimi qovublar. “Dinamo” “Neftçi”yə məğlub olsa, oradan da qovacaqlar.

Və o da məlum olur ki, “Neftçi” də hələ bəzi futbolçuların viza problemini həll olunmayıb. Yəni qeyri-peşəkarlıq. Yəqin ki, baş qarışıb “Qarabağ”ı taxtadan salmağın ley-peyinə, belə işlərə maraq göstərməyiblər.

Baxarsınız, Samir Abasovdan sonra Kamran Quliyev götürəcək dəsmalı əlinə. Deyəcək ki, rəqibimiz Kuboklar Kubokunun qalibidir.

Heyətdə Şengeliya, Kipiani, Daraseliya kimi ulduzlar var. İnanın ki, artıq əzbərləyib bu sözləri. “Neftçi”nin mətbuat xidmətinin əməkdaşları onu inandırmalıdırlar ki, bunlar hamısı ötən əsrin 80-ci illərində olub, qorxmağa dəyməz.

“Netçi”də ağlaşma başlayıb. Zəif “Dinamo”ya görə. Niyə ağlaşırlar? Yəqin ki, özlərinə bələddirlər. Bilirlər ki, “Dinamo”dan da zəifdirlər. Biabırçılığa indidən alibi toxuyurlar.

Ağlaşın, bala, ağlaşın. Oradan Samir Abasova bir dəsmal da verin.

Natiq Muxtarlı

Xəbər Lenti