Ayxan Abbasov - Haradan-hara...

3 May 2021 17:40 Köşə 1 720
Ayxan Abbasov - Haradan-hara...

Ötən mövsüm Pandemiya səbəbindən Azərbaycan Premyer Liqası yarımçıq dayandırılmışdı.

Mövcud şərtlər altında isə "Sumqayıt"ın Avropa Liqasına gedişi təsdiqlənmişdi. Belə hadisə şəhər tarixində ilk dəfə yaşanırdı.

Amma o zaman komanda rəhbərliyi, məşqçilər korpusu bu uğura doyunca sevinə bilmədilər. Çünki heyətin özəyi sayılan əsas futbolçular yaxşı maaş qarşılığında digər komandalara üz tutdular.

Həmin ərəfə səhv xatırlamıramsa Avropa Liqasının oyununa təxminən 5-10 gün qalırdı. Qardaşımla üz tutduq "Kapital Arena"ya - "Sumqayıt"ın məşqin izləməyə. Gördüklərimizdən ikimiz də şok olmuşduq.

Bir-birimizə baxıb, "Komanda bu heyətləmi avrokuboklara hazırlaşır" dedik. Həqiqətən, çox acınacaqlı durum idi. Heyətdə Premyer Liqaya yarayan 5-6 futbolçu olardı, ya olmazdı.

Birinci Divizion səviyyəsinə belə yaramayan Kərəm Sultanovdan tutma bizim klublara o dönəm lazım olmayan Bədəlova kimi o qədər əlacsızlıqdan heyətə qatılan və ya heyətdə saxlanan futbolçular vardı ki ...

Bu günün Bədəlovu, Xəyalı, Qurbanisi o gün sıradan biriləri idi. Yaddaşımda hamısı çox yaxşı qalıb. Hətta bir məqam oldu ki, verilən təlimdə futbolçulardan biri elə bir kobud səhvə yol verdi ki, Abbasov əsəbi formada "Bunu uşaq futbolunda öyrədirlər" demişdi.

Məşqin gedişində qardaşıma bir cümlə dedim - Bu heyətlə də Ayxan Abbasov uğur qazansa, deməli, o, həm böyük adam, həm də böyük məşqçidir.

Hətta Premyer Liqanın "Keşlə" ilə baş tutan ilk oyunun gedişində mətbuat nümayəndələrinin olduğu sektorda eyni söhbət gedirdi - "Ayxan Abbasov üçün bu heyətlə nəsə eləmək mümkünsüzdü".

Zaman və Ayxan Abbasov ehtimalı belə utopiya olan bir şeyi reallığa çevirməyi bacardı. Abasov həmin komanda ilə Ökə Kubokunun finalına yüksəlməyi bacardı.

Premyer Liqada özündən qat-qat yaxşı büdcəsi, daha səviyyəli komandaları qabaqlayaraq ilk üçlükdə qərarlaşıb. Hələ deyərdim ki, bir dönəm komandada kütləvi yoluxma yaşanmasaydı, indikindən də yaxşı nəticələr görə bilərdik.

Ayxan Abbasov bunu kimlərlə bacardı? Ötən mövsümün əvvəli transfer vərəqəsini əlinə versən, heç bir klubumuza lazım olamayacaq Bədəlov, Kərimov, Qurbani, Xəyal və.s kimi futbolçularla. Amma bu gün adı çəkilənlər "Sumqayıt"da adlarından söz etdirməklə bərabər milli komandanın da daimi üzvlərinə çevrilib.

İlk fürsətdə "heyətim zəifdi", "ölkədə futbolçu yoxdur" kimi bəhanələrlə ağlaşma quranlara Ayxan Abbasovun gördüyü işlər bir dərslik olmalıdır. Sadəcə görmək, öyrənmək, istəmək, inanmaq lazımdır. Ayxan Abbasov kimi.

Mövsüm öncəsi yaranmış mənzərəni gözləri ilə görən biri kimi indi rahatlılq deyə bilərəm ki, futbolumuz üçün böyük adamsan Ayxan Abbasov. Böyük məşqçisən Ayxan Abbasov. Sükanı belə saxla!

Xanoğlan İmanov

Xəbər Lenti