Bir adamın PFL-i və ya diktator Ramin Musayev

13 Aprel 2021 15:00 Köşə 1 650
Bir adamın PFL-i və ya diktator Ramin Musayev

Veteran futbolçu Füzuli Cavadov dünyasını dəyişdi.

Amma Premyer Liqanın 23-cü turunun aprelin 11-də keçirilən iki qarşılaşmasında Cavadovun xatirəsini anmaq üçün bir dəqiqəlik sükut elan olunmadı.

Səbəb nə imiş? Veteran futbolçu ilə kim düşmənçilik aparırmış, kimin qəsdi-qərəzi varmış?

PFL-dən verilən məlumata görə, qurumun prezidenti Ramin Musayevə xəbər verib icazə ala bilməyiblər.

Ramin müəllim səhhəti ilə əlaqədar Türkiyədə olub. Və onunla əlaqə saxlaya bilməyiblər.

Allah Ramin müəllimə şəfa versin, amma ondan niyə icazə alınmalı idi ki? Anormallıqdır. Bir qurumun anormal idarə edilməsini göstərən ən bariz nümunə. Axı belə məsələlər əvvəlcədən planlaşdırılmalı, iş planı tutulmalıdır.

Orda göstərilməlidir ki, qarşılaşmalardan əvvəl bir dəqiqəlik sükut hansı hallarda olmalıdır. Belə hallar olanda, əməl edilməlidir.

Daha bunun üçün hər dəfə Ramin müəllimi axtarmağa nə hacət? Bu o deməkdir ki, PFL-də qaydalar yox, bir şəxsin tiranlığı hökm sürür.

Tutaq ki, Aslan Şahgəldiyev məsələnin məsuliyyətini üzərinə götürüb bununla bağlı göstəriş versəydi, dünya dağılacaqdı? Yox.

Üstəlik, ona da əminəm ki, Şahgəldiyev idarəçilik bacarığı, düzgün qərar qəbuletmə səriştəsi ilə Ramin Musayevdən üst səviyyədədir.

Amma Musayev PFL-də tiranlıq yaradıb, yəni özünü diktator kimi aparır. Kimsə onun icazəsi olmadan göstəriş verə bilməz. Beləcə, PFL də gözdən düşür, gənclər də öz potensiallarını göstərə bilmirlər.

Yox, elə deyilsə, onda mənim şübhələnməyə tam əsasım var ki, Ramin Musayevin Füzuli Cavadovla intriqası varmış, ona görə də onun icazəsi olmadan kimsə bir dəqiqəlik sükutla bağlı göstəriş verə bilməyib.

İndi baxın də, iki variantdan birini təsdiqləyin: Ramin Musayev diktatordur, yoxsa veteran futbolçu ilə intriqası varmış? Çətin seçimdir, hə.

Natiq Muxtarlı

Xəbər Lenti