Təhvil-təslim başa çatdı, qapılara blomb vuruldu

23 İyun 2022 21:20 Şamaxı 1 328
Təhvil-təslim başa çatdı, qapılara blomb vuruldu

Bir həftədir “ASK Arena“da davam edən təhvil-təslim başa çatıb.

“Şamaxı“FK Azərbaycan Sənaye Korporasiyasının (ASK) balansında olan idman qurğusunu tamamilə tərk edib.

Stadion, baza və yataqxana axşam saatlarınadək boşaldılıb, təhvil-təslim aktı imzalanıb, qapılara blomb vurulub.

Əslində, “Şamaxı“lılar mayın 31-də buradan ayrılmalı idi. Sadəcə, yeni məkan axtarışı nəticəsiz qaldığından, onlara əlavə möhlət verilmişdi.

Bu müddət iyulun 1-də başa çatacaqdı, ancaq görünür, arenanı balansına keçirmiş şirkətin daha gözləməyə səbri çatmayıb.

Heydər Əliyev prospektində yerləşən stadion və baza təyinatı üzrə istifadə olunacaq. Böyük idman kompleksin yeni istifadəçisinin kimliyi də məlumdur - “Sabah“.

Azərbaycan Sənaye Korporasiyası ilə “ağ-göylər“ arasında gedən danışıqlar buranın uzunmüddətli icarəyə götürülməsi ilə nəticələnib.

“Sabah“ın iyulun 1-dən etibarən “ASK Arena“da məskunlaşmağa başlaması planlaşdırılır.

AFFA “Termist” adlı idman qurğusunun əsasında bu məkanı UEFA-nın ayırdığı vəsait hesabına 2000-ci ildə əsaslı yenidən qurub.

Yenidənqurma işləri 4,5 milyon dollara başa gəlib.

2001-ci ildən istifadəyə verilən arena ilk olaraq “Şəfa” adlandırılıb. Arena öncədən milli komandaların təlim-məşq bazası üçün nəzərdə tutulub.

Əsas meydançada milli çempionatın ilk dövrəsində “Olimpik” ev oyunlarını keçirib. 2014-cü ildə stadion “İnter”ə (hazırkı “Keşlə”) 4,25 milyon manata satılıb.

Federasiya bu addımını stadionu öz imkanları hesabına saxlaya bilməməsi ilə əsaslandırıb. Stadionun adı dəyişdirilərək, “İnter”in adına uyğun olaraq "İnter Arena" adı verilib.

2018-ci ilin 20 iyulunda Azərbaycan Sənaye Korporasiyasının balansında olduğu üçün stadiona şirkətin adının baş hərfləri (ASK) verilib və burada “Keşlə” ev oyunlarını keçirib.

Ötən il isə stadionun idarə edilməsi səlahiyyəti “ASK İdman Kompleksi” MMC-dən alınaraq, “ASK Əmlak” MMC-yə verilib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 18:10 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 11:20 "Şikayətlənə bilmərik"
15 Sentyabr 03:50 Nəbiyevdən uğurlu debüt
15 Sentyabr 03:40 Yığmamız finalı uduzdu
15 Sentyabr 02:30 “Zelenskinin komandası”