Şamaxılı Süleymanov “Şamaxı” haqda: "Bu klubun bərpası daha məqsədəuyğun olar”

12 Noyabr 2021 16:00 Şamaxı 1 103
Şamaxılı Süleymanov “Şamaxı” haqda: "Bu klubun bərpası daha məqsədəuyğun olar”

“Keşlə”nin 2022-ci ildən “Şamaxı” altında çıxış edəcəyi ilə bağlı xəbərə ən çox sevinən şamaxılı futbolsevərlərdir.

Onlardan biri də beynəlxalq dərəcəli hakim, uzun illər “Neftçi”də vitse-prezident postunu tutmuş Tahir Süleymanovdur.

Xəbərə hər nə qədər sevinsə də, digər bölgələrin futbolsuz qalmasına üzüldüyünü deyir. O, məsələ ilə bağlı Sportinfo.az-a məlum qərarla bağlı fikirlərini bölüşüb:

“Bir yerli kimi yox, futbol adamı olaraq məsələyə geniş, ölkə futbolu miqyasında münasibət bildirməyim daha doğru olar.

Azərbaycanın hər qarışı bizə doğmadır, əzizdir. Bilirsiz ki, hər zaman bölgələrimizdə futbolun olmasını, yenidən dirçəlməsini istəmişik və daim bu mövzuda münasibətimizi bildirmişik.

Şamaxıya böyük futbolun qayıtması regionlarda futbolun yenidən dirçəlməsinin tərkib hissəsi olmalıdır. Çox geçikilib, bu proses çoxdan başlanmalı idi.

Zamanında ölkə futbolu adına ciddi addımlar atılmışdı. Qısa vaxtda Lənkəran, Yevlax, İmişli, Zaqatala, Qəbələ şəhərlərində müasir stadion-bazalar inşa edildi, klublar bərpa olundu, iddialı bölgə komandaları söz sahibinə çevrildiıər.

Tovuz arenasında da yenidənqurma işləri aparıldı. Tribunalara 10 minlərlə azarkeş axışırdı. Çempionatda rəqabət artır, ildən-ilə səviyyə yüksəlirdi. Digər şəhər və rayonlarımız həsrətlə öz növbələrini gözləyirdilər.

Paytaxtda da oxşar mənzərə yaşanırdı. Tofiq Bəhramov adına Respublika stadion təmir edildi, “Bakcell Arena” inşa olundu,

Azərbaycanın ən böyük idman qurğusu Bakı Olimpiya Stadionu istifadəyə verildi. Daha az tutumlu, müasir tələblərə cavab verən arenalar da ərsəyə gətirildi.

"Bakı" klubu sıfırdan yeni baza tikdirdi. "Neftçi" ilə yanaşı paytaxtda iki klubun olması kifayət edirdi. Nəzərə alaq ki, məlum səbəblərə görə "Qarabağ" da Bakıda məskunlaşır.

Mərkəzdə bu qədər klubun yaradılması ümumi futbolun inkişafına təkan vermək əvəzinə ziyan vurmuş oldu. Psixoloji olaraq hamı paytaxta can atırdı.

Vaxtilə dəfələrlə bildirirdik ki, AZAL, "İnter" kimi komandalar bölgələri təmsil etməlidir. Onsuz da, əsas maliyyə dayaqları dövlət şirkətləri, bankları idi.

Bu azmış kimi, "Muğan" da Salyandan "Rəvan" adıyla Bakıya köç etdi. Ardınca "Zirə", "Səbail", "Sabah"... Hətta bu vəziyyətdə belə Buzovna kimi futbol qəsəbəsi yaddan çıxarılmışdı.

Ümumi futbol strategiyasının düzgün aparılmaması, istər federasiya, istərsə də əksər klublarda idarəçiliyin yetində olmaması böyük ölçüdə klubların dağılması ilə nəticələndi.

Bölgə stadionları böyük futbolsuz qaldı, "Bakı"nın bazası yerlə bir edildi. Tədricən Azərbaycan çempionatı "Bakı birinciliyi" ilə əvəzləndi.

Son 15 ildə futbola yatırılan fantastatik maliyyə ilə indiki klub büdcələrinə uyğun bölgələrdə 40-50 il müddətinə 10-larla komanda fəaliyyət göstərə bilərdi. Avrokuboklardakı qruplar istisna, təəssüf ki, futbol inkişaf etmək əvəzinə tənəzzülə uğradı.

Ürəyi dolan olan, danışmaqdan usanmayan Süleymanov “Keşlə”nin Şamaxıya köçürülməsi ifadəsi ilə razılaşmır. Futbol eksperti bu mənada daha uyğun yol göstərdi:

"Keşlə"nin Şamaxıya köçürülməsi futbol ictimaiyyəti arasında böyük əks-səda doğurub, müxtəlif müzakirələr aparılır. Köçürülmək yox, vaxtilə güclülər dəstəsində çıxış etmiş

"Şirvan"la birləşməsi və keçmiş klubun bərpası daha məqsədəuyğun olar. Belə yanaşma futbol ənənələrinə sadiqlikıə birgə, UEFA tərəfindən də varislik amili qüvvədə qalmış olar, qəbul edilməsi asanlaşar.

Onsuz da, qeyd etdiyim kimi, vəsaiti AFFA xətti ilə dövlət ödəyir. Atılan addımlar istisna hal olmamalıdır. Futbolda geridönüşün zamanı çoxdan yetişib.

İnfrastrukturu beynəlxalq tələblərə cavab verən şəhər və rayon komandalarımız bərpa edilməli, futbol ənənələrinə malik Gəncə, Mingəçevir, Masallı, Qusar, Şəmkir, Qazax, Bərdə, Şirvan, Sabirabad, Qax və digər bölgələrimizdə stadionlar yenidən qurulmalıdır.

Düzgün strategiya cızılarsa, planlı işlər görülərsə, qısa vaxtda Azərbaycanda bütün regionları əhatə edən 3-4 liqanın formalaşması mümkündür. AFFA, nazirlik, futbol ictimaiyyəti, media geniş müzakirələr aparmalı, qısa vaxtda yeni futbol xəritəsi hazırlanmalıdır. Futbola münasibət kökündən dəyişməlidir.

Əks halda daha 5-10 il itirilə bilər. "Səbail" və digər paytaxt klublarına ayrılan vəsait də bölgələrə yönəldilməlidir. Bakıdakı stadionlarda isə akademiyaların yaradılması məqsədəuyğundur. Paytaxt klublarının hamısının Premyer liqada çıxış etməsi şərt deyil. Futbolçu yetişdirərək divizionda təmsil oluna bilərlər.

Tahir bəylə söhbətdə Şamaxı futbolunun keçmişi haqda danışmamaq olmazdı. Sabiq “Neftçi”li doğma rayonunda futbolun sevildiyini və buna görə də stadionun azarkeşin tutumunun say tələbinə cavab verməyəcəyini düşündüyünü bildirdi:

“Şamaxının komandası ötən əsrin 80-ci illərindən ölkə çempionatında çıxış edib. Müstəqilliyimizin ilk illərindən isə güclülər dəstəsində təmsil olunub. O vaxt tribunalarda hər zaman anşlaq yaşanırdı.

Şamaxı öz qədimliyi, incəsənəti, muğamı, şairliyi, ziyalılığı ilə yanaşı, həm də idman şəhəridir. Futbol da çox sevilir.

2200 yerlik yeni stadion tam olaraq azarkeşləri təmin edə bilməyəcək. Ən önəmlisi, bu addım başlanğıc olmalı və daha köklü futbol ənənələrinə sahib şəhər və rayonlarımıza böyük futbol qayıtmalıdır.

Belə olarsa, futbola inam yenidən qayıdar, stadionlara azarkeşlər axışar, əsl Azərbaycan çempionatı keçirilər, rəqabət, səviyyə artar, yüzlərlə istedadlar, bacarıqlı futbolçular yetişər”.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti