Deyəsən, bu mövsüm möcüzə baş verməyəcək.
Və «Kəpəz» Premyer Liqada qalmayacaq.
Nə qədər acı səslənsə də, deməliyik - Gəncə təmsilçisi I Liqanın yolunu tutmağa ən real namizəddir.
Ötən iki ildə çarxın istiqamətini dəyişə bildilər, qaldılar. Öncə Tərlan Əhmədov, ardınca da Adil Şükürov bütün proqnozları alt-üst etdi.
Baş məşqçi indi də Şükürovdur. Amma o Şükürova münasibətlə indiki Şükürova münasibət eyni deyil, dəyişib.
«Kəpəz» liqanın ilk 4 turunda məğlubiyyət alıb. Bir qol belə, vurmayıblar. O deməkdirmi ki, Şükürov daha işləyə bilmir?
Mövcud problemlərin başında İlqar Nadiri dayanır. «Qazan»ı İdarə Heyətinin sədri qaynadır.
Yaxın adamları vasitəsilə futbolçuların qulağını doldurur, baş məşqçinin əleyhinə təbliğat aparır.
Şükürovun əlini işdən soyutmaq, bacarıqsız göstərmək, istefa ərizəsi yazdırmaq, bununla da «ötən iki ildə komandanı Premyer Liqada saxlayan İlqar Nadiri imiş fikri yaratmaq üçün.
Mən deyim, siz eşidin - onun bir tək niyyəti var, o da budur!
Sədrlə baş məşqçinin arası düzəlmədiyi, soyuq küləklər əsməyə davam etmədiyi müddətdə «Kəpəz» ağlar gündə olacaq, Gəncə azarkeşi için-için sızıldayacaq.
İki «qoç»un başı bir qazanda qaynamaz – bu məsəl yenə də qüvvədədir.
MUSA

