Karyerasının 10 ilini “Kəpəz”ə həsr edən Zamiq İmanov adlı şəxs işdən azad edilib.
Klub rəhbərliyi çempionatın başlamasına saatlar qalmış təcrübəli operatoru görüşə çağıraraq onunla yolların ayrılmasında maraqlı olduğunu bildirib.
Səbəbi isə çox qəribədir.
Əlaqə saxladığımız İmanov açıqlama verməkdə maraqlı olmadığını deyib, işin axarını Allahın öhdəsinə buraxdığını bildirsə də, çoxsaylı təkidlərdən sonra danışmağa razı oldu:
“Bəribaşdan qeyd edim ki, işdən azad olunmağı özümə qarşı haqsızlıq kimi qəbul edirəm. Mən buna layiq deyiləm. Çünki nə işimdə nöqsana yol vermişəm, nə də kiməsə hörmətsizlik etmişəm.
Bu ilin may ayının sonunda klubla müqavilənin müddəti başa çatmışdı. Hər il mövsüm başa çatanda istirahətə gedirdik, bir də avqustun ilk günlərində yeni anlaşma imzalayıb, avqustda işə başlayırdıq. Bu il avqustun 2-si çempionat başlayırdı. İyulun 31-də işdən azad olunmağımla bağlı məlumat verildi.
Rəhbərliyin mənimlə görmək istəməsi haqda bilgi alan kimi klub rəsmiləri Cabir İbrahimov və Azad Mustafayevlə görüşümüz oldu. Dedilər, işinin ustasısan, Gəncədə ən yaxşı operatorlardansan, ancaq filankəsin qohumu olduğuna görə səninlə işbirliyi alınmayacaq”.
Zamiq İmanov Gəncə futbolunun tanınmış simalarından hesab olunan Mehman Allahverdiyevin qardaşının kürəkənidir. Məhz bu qohumluq bağına görə məlum vəziyyətlə üzləşib:
“Açıq şəkildə deyildi ki, Mehman Allahverdiyevin qohumusan deyə müqavilə uzadılmadı. Guya mən klubun daxilindən Mehman Allahverdiyevə məlumat ötürürəm, digər məsələlərdə iştirak edirəm. Şər-böhtan atmaq istəyəndə, mən onlardan sübut istədim. Heç bir səbəb göstərə bilmədilər.
Mənə 1 aylıq müqavilə təklif etdilər. Ki, bu müddətdə işlə, görək kənara xəbər çıxacaq, yoxsa yox. Mən də özümə və sənətimə hörmət edən insan kimi bununla razılaşmadım.
Övladımın səhhətində problemin olması barədə həmin görüşdən bir gün əvvəl Cabir İbrahimova məlumat verib, məvacibimin bir qədər artırılmasını xahiş etmişdim.
Çünki 3 ildir eyni məbləğə işləyirdim. O da maaşımın artırılmasına çalışacağını bildirmişdi.
“Kəpəz”in şanlı tarixinin memarı Mehman Allahverdiyevin qohumu olduğuma görə məni işdən azad etdilər.
Bir şeyi başa düşmürəm, Mehman Allahverdiyev kimə nə edib? Düşməndir məgər? Əksinə, “Kəpəz”in uğur qazanmasını istəyənlərdən biridir. İstər məşqçi, istərsə də rəhbər kimi uğurları olub”.
Maraq üçün bildirək ki, Zamiq İmanov 15 ilə yaxın televiziya sahəsində çalışıb, Gəncədə ən istedadlı kadrlardan hesab olunur.
HƏBİB / SPORTİNFO.AZ

