"Kəpəz" Qəbələdə aldığı "sillə”yə necə reaksiya verəcək?

27 Fevral 23:40 Kəpəz 654
"Kəpəz" Qəbələdə aldığı "sillə”yə necə reaksiya verəcək?

"Kəpəz" daha Qəbələ şəhər stadionunda ev oyunlarını keçirə bilməyəcək.

Buna səbəb "Qəbələ" rəhbərliyinin qarşı tərəfə meydançanın ot örtüyünün yüklənməsini əsas gətirməsi olub.

Əslində rəsmi açıqlamada deyilən səbəb, sadəcə iki klub arasındakı körpüləri yandımamağa xidmət edir.

Əsl həqiqəti isə hər iki tərəf də gözəl bilir.

Hazırda adıçəkilən iki klub arasında Premyer Liqada qalmaq uğurunda amansız mübarizə gedir.

Və bu rəqabətdə uduzan tərəf "qırmızı qaralar"dı. Hazırda onlar Qərb təmsilçisindən 8 xal uzaqda qərarlaşıb.

Belədə əsas rəqibin göz önündə olması və hətta uğurlu çıxış sərgiləməsi yeni baş məşqçi Kaxaber Tsxadadzenin xoşuna gəlməyib. Arenanın qapılarının "Kəpəz"in üzünə meydan sahibi qismində açılmasını qadağan edib.

İdman prinsipləri baxımından indiki məqamda məntiqli addımdır. Buna görə kimsə "Qəbələ" rəhbərliyini və əcnəbi mütəxəssisi qınaya bilməz.

Hazırda düşdükləri vəziyyət batan adamın saman çöpündən yapışmasına bənzəyir.

Mümkün olan-olmayan bütün variantlar sınaqdan keçirilir/keçiriləcək.

Hansısa məqamda son addımın faydası dəyə bilər.

Lakin zərərsiz olduğu da qaranti deyil.

Hər halda, qapıdan qovulmaq heç bir qonağa xoş gələ bilməz.

Bu gün "Kəpəz"in Qəbələdən göndərilməsi qovulan qonaq təəssüratı yaradır.

Yəqin ki, Gəncə təmsilçisində indi hər kəs "Qəbələ" rəsmilərindən aldıqları "sillə"nin şokunu yaşayırlar.

Ayılanda ilk məqsəd təbii ki, qısas almaq, özünü isbatlamaq olacaq.

Bu isə şəksiz-şübhəsiz liqada qalıb, "Qəbələ"ni Birinci Liqaya yollamaqdan keçir.

Qısası, adıçəkilən klublar arasında keçən gərgin mübarizə bundan sonra yeni müstəviyə keçəcək.

İndi bizi daha amansız rəqabət gözləyir.

Layiq olan aparsın.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti