
“Oyuna yaxşı hazırlaşmışdıq. Rəqib “Neftçi” olmasına baxmayaraq, məqsədimiz onları udmaq idi”.
“Kəpəz”in futbolçusu Nicat Süleymanov Sportinfo.az-a açıqlamasında komandasının “Neftçi” ilə keçirdiyi oyun haqda danışıb.
Çempionatda qalmaq uğrunda mübarizə aparan Gəncə təmsilçisi Premyer Liqanın 27-ci turunda “ağ-qaralar”la heç-heçə oynamaqla (2:2) turun sürpriz nəticəsinə imza atdı.
Qonaqlar hesabda öndə olduğu halda sonradan 2 top buraxıb məğlub duruma düşdü. Lakin qarşılaşmanın sonuna yaxın bərabərlik topunu vurmaq mümkün oldu.
Nicat hətta rəqib hesabda öndə olduğu dəqiqələrdə məğlub olmayacaqlarını hiss edibmiş:
“Dediyim kimi, məqsədimiz 3 xal idi. Matçboyu bunun üçün çalışsaq da, sonda bərabərlik qeydə alındı. Lakin bunu da bizim üçün sərfəli nəticə adlandırmaq olar.
“Neftçi” 2:1 öndə olanda ümidimizi itirməmişdik. Var gücümüzü ortaya qoyurduq ki, bərabərlik və qələbə toplarını vuraq.
Ancaq cəmi 1 qol vura bildik. Məncə, bizdə qələbə motivasiyası və qələbəyə inam daha çox idi”.
Nicat Süleymanov cari mövsümdə sarı-göy formada meydana çıxdığı 22 oyunda 2 qol vurub, 1 məhsuldar ötürmə verib.
HƏBİB