Bir istefanın 4 mübhəm sirri və ya… Görün, burada nələr olub!

31 Avqust 2024 17:00 Kəpəz 2 656
Bir istefanın 4 mübhəm sirri və ya… Görün, burada nələr olub!

«Kəpəz» bundan belə yoluna başqa məşqçi ilə davam edəcək.

Adil Şükürovun 10 aylıq dönəmi artıq geridə qaldı.

Ötən ilin oktyabrında Azər Məmmədovdan boşalan kürsünü tutan həmkarı ilk mövsümündə qarşısına qoyulan məqsədə yetişsə də, cari «futbol ili»nə 4 məğlubiyyətlə başladı.

Məmmədov debütündə komandanı 9 oyuna çıxarmış və 7 xal toplamışdısa, Şükürov budəfəki «0-lar»ı yerindən tərpədə bilmədi.

Onun qalmaq ehtimalı yenə varıydı. Əgər düşərgədə aləm bir-birinə qarışmasaydı, klubun rəsmi hesablarında «Şükürov qeyri-qənaətbəxş nəticələrə görə işindən azad olundu» tipli xəbər paylaşılmazdı.

Dörd tura əsasən baş məşqçinin fəaliyyətinə qiymət vermək tezdir.

O, keçən sezon üzərinə düşən işi görübsə, ümumiyyətlə, «limit»i daha uzunmüddətli olmalıdır. Şükürov da istisna deyildi, onda da bu, olmalı idi, amma...

Açıq deməliyik ki, Adil Şükürov Premyer Liqadakı ikinci klubundan yay dönəmində yol verdiyi səhvlərə görə uzaqlaşdırılıb.

Ayxan Abbasovu istefaya yollayan «Turan Tovuz» rəhbərliyi ilə gizlicə görüşə getməsi, bu azmış kimi, onlarla razılıq əldə etməsi «Kəpəz»in idarəçilərinə xoş gəlmədi. Öz aramızdır, bu, kimə xoş gələr ki?

Şükürov sonuncu dəfə 2016-cı ildə Premyer Liqa üzü görüb. Həmin vaxt «Zirə»dən istefaya göndəriləndən sonra elitanın heç bir təmsilçisi təkliflə qapısını döyməmişdi.

İlqar Nadiri bu riskə getdi, dəvət göndərdi, imkan da yaratdı. O isə hələ birillik müqaviləsi olduğu halda, «Turan»ın çağırışının arxasınca getməklə, «güvənilməz şəxs» obrazına girdi.

Bu, Şükürovun birinci səhvi idi.

Gələk ikinci ciddi xətaya.

Deməli, «Kəpəz»lə «F Holdinq» arasında sponsorluq görüşmələri və həmin arada yaşananlar baş məşqçini «yandırdı». Adil Şükürov şirkətdə çalışan dostlarına görə tərəf seçdi.

Premyer Liqanın qapılarını üzünə açmış şəxslərin yox, köhnə tanışlarının yanında yer aldı. İlqar Nadiri başda olmaqla, funksionerlərin arxasınca iş çevirdi.

Əlbəttə, yerin də qulağı var, adamlar eşitdi ki, görəvə gətirdikləri məşqçi onların klubdan getməsini istəyir.

Guya, sözügedən holdinq himayəsinə alsaydı, «Kəpəz»in dirəyi qızıldan olacaqdı. Ancaq göründüyü kimi, əllərini ağdan-qaraya vurmadılar, 1 qəpik də ayırmadılar.

Adil Şükürovun üçüncü yanlışı transfer siyasətində öz əksini tapdı.

Legioner bazarlığı tam bir fiasko! Komanda ötən 4 turda 1 qol belə vurmayıbsa, yeni gələn əcnəbilərin, həmçinin yerlilərin barəsində bir kəlmə xoş söz söyləməyə dəyməz.

Yaxın münasibətdə olduğu şəxslərin, menecerlərin vasitəsilə gətirdiyi futbolçuların 99 faizini Premyer Liqanın başqa iştirakçıları qapısından içəri buraxmaz.

Deməz ki, hə, eybi yox, gəl, bazanı alaq otlarından təmizlə. «Kəpəz»in müqavilə bağladığı oyunçuların böyük qismi heç buna da yaramır.

Amma onlara görə heç də az məbləğlər ödənilməyib. Bu pullar havaya sovrulmuş sayılır.

Yenə cəhənnəm, qışadək birtəhər dözmək olardı. İşdir, Adil Şükürov özünün alınmasını istədiyi futbolçularla yola getsəydi.

Kimi gəldi acılayan, bəzən isə tərəfkeşlik edən, kobudluğuna sərhəd qoymayan baş məşqçi qalsaydı, vəziyyət hər ötən gün daha da pisləşəcəkdi.

Odur ki, verilən son qərar tam təbii qarşılanmadı. Şükürov üzləşdiyi aqibətdən dolayı kimsədən küsməməli, inciməməlidir.

Xətalarını biz sadaladıq. Nəticə çıxarmaq isə yenə özündən asılıdır. Sabahkı gün yenə eyni situasiya ilə üzləşməsin deyə.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
5 İyul 16:00 10-cu AYRILIQ XƏBƏRİ
5 İyul 08:20 Quliyev Serbiya yolunda