“Barselona” El Klasikoda “Real”dan üstün oldu - VİDEO

20 Mart 2023 02:00 İspaniya 725
“Barselona” El Klasikoda “Real”dan üstün oldu -  VİDEO

İspaniya La Liqasında XXVI tura yekun vurulub.

Sportinfo.az xəbər verir ki, turun qapanış matçında əzəli rəqiblər “Barselona” ilə “Real Madrid” üz-üzə gəliblər.

“Nou Kamp”da keçirilən El Klasikoda hesabı qonaqlar açıblar. Daha doğrusu, kataloniyalıların müdafiəçisi Ronald Arauxo 9-cu dəqiqədə avtoqol müəllifi olub.

Cinah ötürməsi zamanı onun başla tərs zərbəsi tora daxil olub. Bu, həm də XXI əsrdə İspaniya çempionatları çərçivəsində keçirilən El Klasikolarda ilk avtoqol kimi tarixə düşüb.

Lakin meydan sahibləri fasilə ərəfəsində hesaba tarazlıq gətiriblər. Serxi Roberto 45-ci dəqiqədə cərimə meydanı daxilindən dəqiq zərbə ilə fərqlənib.

İkinci hissəsi gərgin keçən qarşılaşmada həlledici qol 90+2-ci dəqiqədə vurulub. Sürətli qurulan əks-hücumu Frank Kessye məntiqi sonluğa çatdırmağı bacarıb.

Bu, “Barselona”ya 2:1 hesablı əzmkar qələbə qazandırıb.

Bu qalibiyyət sayəsində xallarının sayını 68-ə çatdıran “Barselona” liderliyini bir qədər də möhkəmlədib.

Xavi Ernandesin kollektivi ikinci sıradakı “Real Madrid”lə aradakı xal fərqini 12-yə yüksəldərək, çempionluğa bir addım da yaxınlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti