İspaniya Futbol Federasiyası Luis Enrikenin istefasından sonra boçş qalan baş məşqçi postunun yeni sahibinin adını açıqlayıb.
Sportinfo.az xəbər verir ki, komanda Luis de la Fuenteyə tapşırılıb.
Onunla müqavilənin detalları haqda ətraflı məlumat verilməsə də bir neçə gündən sonra məşqçinin komandaya rəsmən təqdim olunacağı bildirilib.
Fuente buna qədər İspaniyanın U-21 millisinin baş məşqçi postunu tuturdu. 59 yaşlı mütəxəssis İspaniyanın aşağı yaş qrupları üzrə millilərini çalışdırıb.
2015-ci ildə U-19-la Avropa çempionu olan Fuente 2018-ci ildə U-18-i Aralıq dənizi Oyunlarının qızıl medalçısına çevirib.
Daha sonra, 2018-ci ilin iyulunda U-21 millisinin baş məşqçi vəzifəsinə seçilən Fuente 2019-cu ildə İtaliyada keçirilən AVropa çempionatının finalında Almaniyanı 2:1 hesabı ilə məğlub edərək komandasına çempionluq qazandırıb.
Məşqçi həm də Tokio 2020 Olimpiya Oyunlarının gümüş medalçısıdır.
Yeni məşqçi Avro-2024-ün seçmə mərhələsi çərçivəsində martda keçiriləcək Norveç və Şotlandiya ilə oyunlarda debüt edəcək.

