İngiltərə Premyer Liqasının 19-cu turunda ən yaxın izləyicisi "Lester Siti"ni səfərdə darmadağın (4:0) edərək aradakı xal fərqini 13-ə çatdıran lider "Liverpul" tarixi rekordunu hər ötən tur yaxşılaşdırır.
Sportinfo.az xəbər verir ki, Yürgen Kloppun başçılıq etdiyi Mersisayd klubunun Premyer Liqada məğlubiyyətsizlik seriyası 35-ə çatıb.
Liqada ardıcıl 9-cu qələbəsini qazanan "qırmızılar" 35 oyundur uduzmamaqla 1968/1969-cu illər mövsümündə 34 matç yenilməyən "Lids Yunayted"in rekordunu qırıb sıralamada 4-cü pilləyə yüksəliblər.
İngiltərə Premyer Liqasında ən böyük məğlubiyyətsizlik seriyası "Arsenal"a məxsusdur. London klubu Arsen Vengerin rəhbərliyi altında - 2003/2004-cü illər mövsümü ərzində 49 oyun uduzmayıb.
İkinci pillədə "Nottingem Forest" qərarlaşıb. Hazırda Çempionşipdə yarışan Nottingem təmsilçisi 1977/1978-ci illər mövsümündə 42 oyun məğlub olmayıb.
2004/2005-ci illərdə rekord vuran 3-cü yerin sahibi "Çelsi"də isə bu göstərici 40-a bərabərdir.

