İngiltərə Futbol Assosiasiyası yığmanın baş məşqçisi Qaret Sautqeytin fəaliyyətindən razıdır. Federasiya mütəxəssisə yeni müqavilə təklif etməyi planlaşdırır.
Sportinfo.az xəbər verir ki, Sautqeytin müqaviləsi DÇ-2022-i başa çatana qədər nəzərdə tutulub.
Assosiasiyası rəsmiləri ehtiyat edirlər ki, mütəxəssis mundialdan sonra yeni müqavilə bağlamaz və qüvvəsini Premyer Liqada sınamaq istəyər.
Ona görə də indidən ona müqavilə təklif edilir. Üstəlik, yeni müqavilə bağlasa, Sautqeytin məvacibi 2 dəfə artırılacaq.
Məlumata görə, DÇ-2022-nin seçmə mərhələsi yekunlaşan kimi tərəflər arasında danışıqlar başlayacaq. Assosiasiyanın icraçı direktoru Mark Bullinqem hələ Avropa çempionatı zamanı bildirmişdi ki, Sautqeytin yeni müqaviləni imzalamasını istəyir.
Amma həmin vaxt 51 yaşlı mütəxəssis demişdi ki, yığmanı mundialın final mərhələsinə çıxartmayana qədər yeni müqavilə ilə bağlı təklifi müzakirə etməyəcək.
Yığmanın lideri, “Tottenhem”in hücumçusu Qari Keyn də Sautqeytin millidə qalmasını istədiyini bildirib:
“Mən onun qalmasının tərəfdarıyam. Ancaq hər şey Sautqeytin qərarından asılı olacaq. Baxaq görək, danışıqlar necə yekunlaşır”. Sautqeyt İngiltərə yığmasında 2016-cı ildən çalışır.

