Azərbaycan millisinin eks hücumçusu oğlunun PSJ-dəki gələcəyindən nə dedi?

09:20 Hadisə 159
Azərbaycan millisinin eks hücumçusu oğlunun PSJ-dəki gələcəyindən nə dedi?

Azərbaycan millisinin sabiq hücumçusu Badri Kvaratsxeliya oğlu - PSJ-nin hücumçusu Xviça Kvaratsxeliya haqqında danışıb.

Sportinfo.az xəbər verir ki, o, Kvaranın komandasını dəyişə biləcəyi ilə bağlı yayılan məlumatlara münasibət bildirib:

“Xviça çox güclü və uğurlu bir klubda çıxış edir. Orada onu sevirlər və ona güvənirlər.

O, hazırda Çempionlar Liqasının qalibi olan və bu mövsüm turnirin yarımfinalçısı olan komandanın əsas oyunçularından biridir. Belə olan halda niyə başqa yerə getməyi düşünsün?!

Əgər Paris klubu artıq əməkdaşlığı davam etdirmək istəməsə, biz də ayrılıq barədə düşünərik. Amma hazırkı mərhələdə bu mövzu ümumiyyətlə müzakirə olunmur.

Klubunda o, Fransa millisinin aparıcı futbolçuları ilə rəqabət aparsa da, nadir hallar istisna olmaqla, Xviça daim əsas heyətin üzvüdür.

Klub rəhbərliyi də onun komanda üçün əvəzolunmaz oyunçu olduğunu vurğulayır.

Bəli, tez-tez “Arsenal” və ya digər İngiltərə klublarının marağı ilə bağlı xəbərlər yayılır, amma oğlum belə məlumatlara diqqət yetirmir.

O, Avropanın ən yaxşı komandalarından birində çıxış edən görkəmli futbolçudur, onu qiymətləndirirlər, sevirlər və onun üçün oynayırlar. Belə olan halda niyə klubunu dəyişmək barədə düşünsün?!

Xviça yalnız komandanın maraqlarını düşünür, kluba necə kömək edəcəyini və öz vətənini necə tanıdacağını fikirləşir”.

Badri futbol agenti Mamuka Cuqelinin artıq oğlunun maraqlarını təmsil etmədiyini də bildirib:

“Mamuka Cuqeli artıq Xviçanın agenti deyil. Bu qərar hər iki tərəfin qarşılıqlı razılığı ilə qəbul olunub. Biz birlikdə əməkdaşlığı dayandırmaq qərarına gəldik.

Mamuka Cuqeli agent kimi Xviçanın karyerasının inkişafında çox mühüm rol oynayıb. Biz Mamukaya bu illər ərzində Xviça üçün etdiklərinə görə təşəkkür etdik, bir-birimizə uğurlar arzuladıq və sağollaşdıq.

Hazırda Xviçanın agenti yoxdur. Təkliflər var, Kvaratsxeliya ilə əməkdaşlıq etmək istəyənlər çoxdur və aydındır ki, onun kiminlə işləyəcəyinə Xviçanın özü və ailə üzvləri qərar verəcək”.

Badri Kvaratsxeliya futbolçu kimi ölkəmizdə "Kəpəz" və "Şəmkir"də çıxış edib, "Standard", "Qəbələ" və "Turan"da məşqçi və baş məşqçi kimi fəaliyyət göstərib.

Futbolçu kimi Azərbaycan millisinin də formasını geyinib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
28 Aprel 18:10 Çək və bizə göndər!