İstəmirlər, vəzifədən uzaqlaşdırmağa fürsət axtarırlar

14 Avqust 2023 19:40 Gündəm 986
İstəmirlər, vəzifədən uzaqlaşdırmağa fürsət axtarırlar

Azər Bağırov bir həftə vaxt uddu.

«Qəbələ»ni udmaqla «Araz-Naxçıvan»dakı günlərinin sayını minimum 6-7 gün uzatdı.

Onu istəmirlər. Hə, maraqlanırsız ki, kim istəmir?

Niyə uzağa gedək, bir ay öncə görəvi təhvil almış rəsmilər.

Bu qısa müddətdə aralarında nə olub, nə olmayıbsa, soyuq yellər əsməyə başlayıb və biz tez-tez fərqli mənbələrdən eyni səpgili informasiyalar almaqdayıq.

Eşitməkdəyik ki, hər oyundan əvvəl və sonra bir yerə toplaşaraq, Bağırovu vəzifədən almaq yollar üzərində baş sındırırlar.

Hərənin bir namizədi var. Və o namizədlərin hər biri qabağa düşmək üçün saman altından su yeritməklə məşğuldur.

Variantlar çoxdur, çünki «Araz-Naxçıvan» hələ bir klub kimi təşəkkül tapmayıb, həvəskar səviyyədə idarə olunur.

Bu, Azər Bağırovun Premyer Liqada debüt ilidir. Bir ilki də «Qəbələ» ilə qarşılaşmada aktivinə yazdı.

Həqiqətən «Araz-Naxçıvan» bürünc medalçı önündə xoş təsir bağışladı. Yatmadılar, yatızdırdılar.

«Qəbələ»yə göz açdırmadılar. Hərəkətdə, sürətdə, taktikada, istəkdə - bir sözlə, bütün komponentlərdə qonaqlara meydan oxudular.

Yaratdıqları qol epizodlarının sayı da bol oldu. Bir ayın içində ərsəyə gətirilmiş, legionerləri gözəyarı, tez-tələsik sıralarına qatmış «Araz-Naxçıvan» fiziki cəhətdən güclənərsə, hələ çoxunun başını ağrıdacaq.

Sözsüz, Bağırova ovaxtadək «bye-bye» deməsələr. Mütləq ki, o, bunu gözünün altına almalıdır.

Hər halda biz havadan nəsə demərik. Bildiklərimiz var.

ELNUR

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti