AFFA-nın sabiq icraçı vitse-prezidenti və baş katibi Elxan Məmmədov hazırda Azərbaycandadır.
Ötən ilin mayında federasiyadakı iş yerini FİFA-nın Paris ofisinə dəyişən keçmiş marketoloq Bakıya ayaq basar-basmaz fəallığı ilə diqqət çəkir.
14 il vəzifədə olduğu müddətdə Azərbaycanda futbolu yerdən-yerə vuran və şəxsi çıxarlarından savayı heç nə barədə düşünməyən E.Məmmədov müxtəlif səviyyəli görüşlər keçirməkdədir.
«Neftçi»nin sabiq idman direktoru Ceyhun Sultanov onlardan yalnız biridir. O, vaxtilə AFFA-da və müxtəlif klublarda çalışmış, həmçinin indinin özündə də bu sektorda fəaliyyət göstərən şəxslərlə bir araya gəlməkdədir.
Bu siyahıya mətbuat nümayəndələri, məşqçilər və menecerlər də daxildir. Elxan Məmmədovun ardıcıl görüşlər keçirməkdə məqsədi yenidən AFFA-ya qayıdacağı barədə rəy formalaşdırmaqdır.
Arabayla dovşan tutmaqda tayı-bərabəri olmayan sabq icraçı vitse-prezident Sərxan Hacıyevin də əleyhinə təbliğat aparmaqdadır.
Hazırkı baş katibdən narazılığını açıq şəkildə dilə gətirən E.Məmmədov iddia edib ki, AFFA-ya qayıtmasına çox qalmayıb. Uzaqbaşı, gələn ilin martında - növbəti prezident seçkilələrində iştirakı realdır.
Rövnəq Abdullayevdən sonra məhz özünü federasiyanın prezidenti postuna ən real namizəd görən eks marketoloq onunla görüşən şəxslərdə əminlik yaradıb ki, o, yuxarı çevrələrin dəstəyini alıb.
SPORTİNFO.AZ

