Yaxınlarla «Səbail»in idman direktoru postundan uzaqlaşdırılan Fərəc Əliyev tezliklə futbol sektoruna qayıda bilər.
Və yenə də rəhbər vəzifəyə.
Onun «Araz-Naxçıvan»a təyinat alması gündəmdədir. Təbii ki, Premyer Liqaya qayıdan klubun rəhbərliyi «Farik» ləqəbli funksioneri tanımır.
Bu şəxsin Muxtar Respublika təmsilçisində işlə başlamasını istəyən Elxan Məmmədovdur.
Hazırda FİFA-nın Paris ofisində çalışan AFFA-nın sabiq icraçı vitse-prezidenti və baş katibi müxtəlif yollarla «Araz-Naxçıvan» başbilənlərinə təsir/təzyiq göstərir ki, «Səbail»də yüz hoqqadan çıxmış Əliyevi idman direktoru postuna təyin etsinlər.
Məmmədovun bunda nə marağı var? «Farik» Bayıl klubunda çalışdığı 6 il ərzində daim onun tapşırıq və məsləhətləri ilə hərəkət edib.
Ondan xəbərsiz ciddi bir addım atmayıb. Hər şey üçün icazə alıb. Üstəlik, «Səbail»də gedən proseslər barədə Məmmədovu daim məlumatlandırıb.
«Elxanın adamı» yarlığı nahaqdan ona yapışdırılmayıb ki!
Görünür, AFFA-nın keçmiş birinci şəxsi də bütün bu «xidmətlər»ini unutmayıb və «Səbail»də «sudan quru çıxardığı» kadrını «Araz-Naxçıvan»a göndərməklə onu mükafatlandırmağı lazım bilir.
Burada da yeni fırıldaq əməllərə əl atması və ona xəbər ötürməsi üçün.
SPORTİNFO.AZ

