Ötən mövsümün sonunda “Kəpəz”dən ayrılan Tərlan Əhmədovun bir gözü “Araz-Naxçıvan”dadır.
Gəncə klubunu Premyer Liqada saxlamaq vəzifəsinin öhdəsindən gələn, fəqət müqavilə müddətu uzadılmayan mütəxəssis elitaya qayıdan komandanın sükanı arxasına keçmək üçün bütün əlaqələrini işə salıb.
O, Konfrans Liqasına vəsiqə qazanmağa iddia edən Muxtar Respublika təmsilçisinin mənsubları ilə sıx təmasdadır.
Əhmədov əmindir ki, görəvə gətirilsə, I Liqanın çempionunu Biləcəridən o tərəfə apara biləcək.
Onu ümidləndirən klubun yeni rəhbərliyində yer alan idarəçilərin mütləq əksəriyyətinin Azər Bağırova bağlı fikirlərində bədgüman olmasıdır.
Düzdür, ötən mövsümdən burada çalışan mütəxəssislə yaxınlarda müqavilə birillik uzadılıb, ancaq, bu, ona inamdan irəli gəlmir.
Bağırov komandanı I Liqanın çenpionu etdiyi üçün hələ də sükan arxasındadır. Belə demək olarsa, klubu iyulda təhvil alan yönətim bir növ Bağırova jest edib və özünü Premyer Liqada göstərmək naminə şans verib.
Təbii, bunun da bir limiti var və gənc çalışdırıcı bilsin ki, mövsümə uğursuz start verərsə, barəsində qəti tədbir görəcəklər.
Mümkündür ki, rəhbərlik heç ilk dövrənin sonunadək gözləməsinlər, beş-altı turdan sonra istefa ərizəsi yazdırsınlar.
Tərlan Əhmədov “Araz-Naxçıvan”ı kurasiyasına götürən şəxslərin bir çoxu ilə “Şamaxı”dan tanışdır. İki ilə yaxın müddətdə çiyin-çiyinə çalışıblar.
Doğrudur, Əhmədov oradan sakitcə ayrılmayıb, aralarında müxtəlif qalmaqallar yaşanıb. O hadisələri nə onun özü, nə həmin şəxslər, nə də biz unutmuşuq.
Lakin onu da unutmuruq ki, “Araz-Naxçıvan”ın icraçı direktoru Eldəniz Yusifovdur.
Hansı ki, hörmətli Eldəniz bəy Tərlan Əhmədovla yaxın dostdur. Nə Əhmədov Yusifovdan ayrıla bilir, nə də Yusifov Əhmədovdan.
Yusifov harada işləyibsə, səlahiyyət sahibi olubsa, az sonra Əhmədovu öz yanına gətirib. Bu, AZAL-da belə olub, “Neftçi”də də, “Şamaxı”nın özündə də.
Elədiniz Yusifov həmişə Tərlan Əhmədova yaxşılıq edib, qolundan tutub, irəli çəkib. Elə isə tarix niyə təkrarlanmasın?
Əlbəttə, icraçı direktor olaraq Eldəniz Yusifovun “Araz-Naxçıvan”da gündəlik işlərə nəzarət edən, komandaya məsul olan əsas şəxsdir. Aydındır ki, pərdə arxasında dayanmış rəhbərliyə təsir gücü də böyükdür.
O, Əhmədova görə bütün məsuliyyəti öz üzərinə götürəcək, ötən illərdən qalmış narazılığı aradan qaldıracaq qədər ürəkli və cəsarətli fiqurdur.
SPORTİNFO.AZ

