Bu gün Azərbaycan millisi AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində növbəti oyuna çıxacaq.
Ölkənin bir nömrəli futbol komandası Estoniya seçməsini qəbul edəcək.
Avstriya, Belçika, İsveç kimi rəqiblərin yer aldığı qrupda estonlarla oyun təbii ki, asan görünür.
Estoniyanın adı əzəmətli görünmədiyindən, bizimkilərin bu matçdan qələbə ilə ayrılacağını təxmin edənlərin sayı kifayət qədər çoxdur.
Lakin bu., heç də asan olmayacaq.
Estoniya millisinin ötən ildən bu yana meydana çıxdığı 10 oyunda qeydə alınan nəticələrə diqqət yetirəndə, Canni de Byazinin komandasının işinin çətin olacağı sirr deyil.
Elə isə 2022-ci ilin iyunundan bu yana qeydə alınan nəticələrə nəzər salaq:
09.06.2022 ML Malta – Estoniya 1:2
13.06.2022 YO Albaniya – Estoniya 0:0
23.09.2022 ML Estoniya – Malta 2:1
26.09.2022 ML San Marino – Estoniya 0:4
16.11.2022 BK Latviya – Estoniya 1:1
19.11.2022 BK Estoniya – Litva 2:0
08.01.2023 YO İslandiya – Estoniya 1:1
12.01.2023 YO Finlandiya – Estoniya 0:1
23.03.2023 YO Macarıstan – Estoniya 1:0
27.03.2023 YO Avstriya – Estoniya 2:1
Göründüyü kimi, isveçrəli mütəxəssis Tomaş Höberlinin rəhbərlik etdiyi Estoniya yığması son 10 oyunun 5-ni qələbə ilə başa vurub.
Matçların 3-ü heç-heçə başa çatıb, yalnız 2-də məğlubiyyət qeydə alınıb. Və hər iki yenilgi kifayət qədər güclü rəqiblərlə oyunlara təsadüf edib.
Estonlar 10 görüşün 8-də meydanı qol vuraraq tərk edib. Vurulan və buraxılan topların sayı da millimizin rəqibinin xeyrinədir – 14-7.
Albaniya, İslandiya kimi komandalarla heç-heçə edib, Finlandiya, Litva, Maltanı udan rəqibin millimizin oyunda hansı nəticəyə imza atacağını birlikdə görəcəyik.
İyunun 17-də “Dalğa Arena”da baş tutacaq Azərbaycan – Estoniya dueli saat 20:00-da start götürəcək.
HƏBİB / SPORTİNFO.AZ

