Mahir Emrelinin təklifləri var - “Dinamo” onu saxlamayacaq?

17 İyun 2023 14:40 Gündəm 3 642
Mahir Emrelinin təklifləri var - “Dinamo” onu saxlamayacaq?

“Dinamo” Mahir Emrelini yenidən icarəyə verə bilər.

Bu barədə Xorvatiyanın “vecernji.hr” saytı məlumat yayıb.

Yerli həmkarlarımızın yazdığına görə, bu, 26 yaşlı hücumçunun yay təlim-məşq toplanışındakı performansından asılı olacaq.

Baş məşqçi İqor Bişçan iyunun 19-da başlayacaq hazırlığa bir neçə gəncin, eyni zamanda, ötən mövsümü başqa klublarda icarədə keçirən futbolçuların cəlb edilməsini istəyib.

Emreli də daxil olmaqla, bir neçə nəfər hazırlıq dönəmində yoxlama görüşlərində baş məşqçinin etimadını doğrultmalıdır. Əks təqdirdə, azərbaycanlı forvardın yenidən icarəyə verilməsi gündəmə gələcək.

Baş məşqçi sınaq dönəminin sentyabra qədər davam edəcəyini bildirib. O, yeni transferlərin məhz heyətdə yer alanlardan asılı olacağını söyləyib.

Mahir Emrelinin Zaqreb təmsilçisi ilə müqavilə müddəti 2026-cı ilin yayına qədərdir. O, ötən mövsümün ikinci dövrəsini icarə əsasında Türkiyədə - “Konyaspor”da keçirib.

Millimizin üzvü “Dinamo”da qalmaq fikrindədir. O, bu istəyini zaqrebli funksionerlərlə söhbətində də bildirib.

Sadəcə, Emreli onunla bağlı qərarın tez verilməsini xahiş eləyib. “Bakı”nın yetirməsi iyuldan gec olmayaraq, gələcəyini müəyyənləşdirmək arzusundadır.

Çünki ona bəzi başqa təkliflər var. Elə Xorvatiyanın özündən və Yunanıstandan. Kiprə getməsi də realdır.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti