“3 mini “Neftçi”yə, 3 mini “Qəbələ”yə veriləcək, yerdə qalanı isə…”

29 May 2023 20:00 Gündəm 2 228
“3 mini “Neftçi”yə, 3 mini “Qəbələ”yə veriləcək, yerdə qalanı isə…”

İyunun 3-də ölkə kubokunun final qarşılaşmasında “Neftçi” - “Qəbələ” matçı baş tutacaq.

Artıq indidən oyuna böyük marağın olduğunu deyə bilərik. Əsas suallar təbii ki, azarkeşlərin rahatlığı və yarışı təşkil edən Peşəkar Futbol Liqasının həmin günə necə hazırlaşmasıdır.

Suallara cavab tapmaq üçün qurumun mətbuat katibi Sənan Abdullayevlə əlaqə saxladıq.

- Satışa neçə bilet çıxarılacaq?

- Təxminən 9 min bilet nəzərdə tutulub. Bunlardan 3 mini “Neftçi”yə, 3 mini “Qəbələ”yə veriləcək. Yerdə qalan 3 min biletə isə sıravi azarkeşlər sahib ola bilər.

- Futbolsevərlər ayın neçəsindən etibarən kassalara yaxınlaşa bilər?

- Mayın 29-u səhər saatlarından etibarən biletlər Tofiq Bəhramov adına Respublika stadionu ilə “Bakcell Arena”nın kassalarında satışda olacaq. Qəbələ şəhər stadionunda da satış nəzərdə tutulub. Bu günə olan məlumat belədir. Təbii ki, “Qəbələ” rəsmiləri sonradan hansısa dəyişiklik etməsə.

- “iTicket”lə onlayn satış necə?

- Xeyr, bu, nəzərdə tutulmayıb.

- Qiymətlər?

- Qiymətlər sektorlara uyğun olaraq 2, 3, 5 və 10 manat təşkil edəcək.

- Qarşılaşmanı skay-boksda izləmək istəyənlər kimə, hara müraciət etməlidir?

- Skay-bokslara rəsmi qiymət qoyulmur. Həmin yerlər konkret təkliflər üzərindən satılır. Bildiyimə görə, artıq bütün yerlər alınıb.

- Oyun 20.00-da başlayacaq. Bəs, bədii hissə saat neçədə başlayacaq? Proqrama nələr daxildir?

- 19.00-dan etibarən ölkənin tanınan və sevilən müğənnilərdən olan Hissin öz rəqs qrupu ilə konserti başlayacaq. “Qəbələ”ylə “Neftçi”nin formasında iki maskot dəvət etmişik. Onlar azarkeşləri əyləndirəcək. Dövlət himninin səsləndirilməsi də planda var.

- Kubok yenilənib, yoxsa əvvəlkidir?

- Bir növ yenilənmiş deyə bilərik. Kubokun üstü müəyyən qədər yenilənib, Peşəkar Futbol Liqasının loqosu da yenisi ilə əvəz olunub.

- Oyuna maraq qatılması ilə bağlı nə kimi işlər görülməkdədir?

- “Laçın” ticarət mərkəzinin qarşısındakı iri həcmli billborda oyunun afişası yerləşdirilib. “20 Yanvar” və “Xalqlar Dostluğu” metrostansiyalarının çıxışına layt-bokslar vurulub. Bununla yanaşı, hər gün xidmət göstərən 10 metro qatarına da reklamlar yerləşdirilib.

- Kubok və medalların təltifetməsi zamanı yeniliklər nəzərə çarpacaq?

- Səhnə əvvəlki illərdəkindən fərqli olacaq. Dizaynı dəyişdirilib, rəngləri PFL-in indiki rənglərə uyğun vurulub. İşıqlandırma sistemi, atəşfəşanlıq və digər nüansların azarkeşlərin ürəyincə olacağına ümid edirik.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"