“Müharibə qırğısı” Bakını ittiham etdi

23 Mart 2023 02:40 Gündəm 2 968
“Müharibə qırğısı” Bakını ittiham etdi

NATO-nun sabiq baş katibi, siyasi məsləhətləşmələr üzrə “Rasmussen Global” təşkilatının təsisçisi Anders Foq Rasmussen Ermənistanda səfərdə olub

O, öncə Ermənistanın müdafiə naziri Suren Papikyanla görüşüb.

Cermuxda (İstisu-red.) keçirdiyi mətbuat konfransında o bildirib ki, İrəvanın rəsmi dəvəti ilə Ermənistan hökumətinə Qərb və Aİ ilə əlaqələri gücləndirməkdə kömək etmək üçün gəlib. O deyib ki, “Azərbaycanın təcavüzünün nəticələrini öz gözləri ilə görmək üçün” Ermənistanın cənub rayonlarında olub. “Mən gözəl Cermuxda oldum və mer mənə azərbaycanlıların hücumlarının şəhərin turizminə necə mənfi təsir göstərdiyini söylədi”, - deyə Anders Foq Rasmussen bildirib. “Bu blokada nə insani, nə də qanunidir. Mən Dağlıq Qarabağda yaşamış insanlarla görüşdüm və onlar Dağlıq Qarabağda hökm sürən böhranlı vəziyyətdən danışdılar. Blokada o deməkdir ki, Dağlıq Qarabağa yalnız çox cüzi miqdarda ərzaq və ya dərman verilə bilər ki, bu da Dağlıq Qarabağda qida çatışmazlığı və ya həyat qurtaran dərmanların olmaması deməkdir. Bu, humanitar fəlakətə çevrilə biləcək humanitar böhrandır. Bu blokada qanunsuzdur”, - deyə bildirib.

Qeyd edək ki, Rasmussen 2009-2014-cü illərdə NATO-nun baş katibi postunda çalışıb. Bu, Rasmussenin Ermənistana ilk səfəri deyil, o, ilk dəfə 2012-ci ilin sentyabrında NATO-nun baş katibi olarkən İrəvana səfər edib.

Elxan Şahinoğlu: "Ermənistanda maraqlı siyasi oyun gedir"

Elxan Şahinoğlu

Politoloq Elxan Şahinoğlu NATO-nun keçmiş baş katibi Anders Foq Rasmussenin İrəvana səfəri haqda “Yeni Müsavat” a maraqlı məlumatlar açıqlayıb. Onun sözlərinə görə, sabiq baş katib hazırda “Rasmussen Qlobal” siyasi konsaltinq təşkilatının təsisçisidir: “Rasmussen özü danimarkalı olduğundan təşkilatın baş ofisi Kopenhagen şəhərində yerləşir, Brüsseldə, Berlində, Londonda və Vaşinqtonda ofisləri var. Təşkilat təhlükəsizlik, transatlantik əlaqələr, Avropa İttifaqı mövzularında məsləhətlər verir. Bu, Rusiya ilə hərbi ittifaqa və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına marağı azalan hazırkı Ermənistan hökumətinin diqqətini çəkən sahələrdir. Rasmussenin konsaltinq şirkəti 2016-cı ildə Ukraynanın keçmiş prezidenti Petro Poroşenkoya təhlükəsizlik sahəsində islahatların dərinləşdirilməsi məqsədilə məsləhətlər verib. Rasmussenin özü isə Poroşenkonun ştatdankənar müşaviri olub. Rasmussenin Poroşenkoya nə qədər uğurlu müşavir olduğu ayrı mövzudur, əsas odur ki, NATO-nun keçmiş baş katibi Qərbin təhlükəsizlik və iqtisadi institutlarına maraq göstərən dövlət liderlərinə pullu məsləhətlər verir. Deməli, Nikol Paşinyanın və onun komandasının da eyni səpkili məsləhətlərə ehtiyacı var. Rasmussen ona görə İrəvanda görüşlərə başlayıb”.

Bu adamı hansı əsaslarla ciddiyə almalıyam? - Elçin Mirzəbəyli yazır

Elçin Mirzəbəyli

Siyasi şərhçi Elçin Mirzəbəyli NATO-nun sabiq baş katibinin sərsəm iddialarından təəcüblənmədiyini dedi: “Rasmussenin şirkətinin rəhbərliyində çalışanların kimliyinə nəzər saldıqda onun bəyanatları təəccüblü görünməməlidir. Brüssel ofisinin rəhbəri, bütövlükdə isə şirkətin baş direktoru Fransa prezidenti Emmaneul Makronun "İrəli, Respublika" (La Republique En Marche) partiyasının qurucularından olan Fabris Potyedir. Potyenin Rasmussenlə dostluğu birincinin NATO-nun siyasi planlaşdırma departamentinin direktoru olduğu zamandan başlayır. Potye eyni zamanda “Karnegi Avropa”nın (Carnegie Europe) qurucusu və ilk rəhbəridir. Onun həm Fransadakı, həm də Belçikadakı erməni təşkilatları ilə sıx əlaqələri var. Rasmussenin Ermənistana səfərinin məqsədlərindən biri “Rasmussen Global”ın Cənubi Qafqaz nümayəndəliyinin yaradılmasıdır. Nümayəndəliyin yaradılmasına dəstəyi Fransa və Belçikadakı erməni diasporu, o cümlədən adı Azərbaycanda hər kəsə bəlli olan Kasper Karampetyan verir. Yəni Rasmussen səfərinin xeyir-duasını Makrondan, maliyyə təminatını isə Karampetyan və erməni təşkilatlarının digər rəhbərlərindən alıb".

Tural İsmayılov: İranın mollakratiya şüuru özünə yeni düşmən axtarır

Tural İsmayılov

Sosial Tədqiqatlar Mərkəzinin (STM) sektor müdiri, politoloq Tural İsmayılov isə hesab edir ki, siyasi korrupsiya indi Ermənistan havadarlarının əsas istinad nöqtəsidir: “NATO-nun keçmiş rəhbərinin heç bir səbəb olmadan Ermənistana səfər etməsi bu fonda xeyli diqqət çəkir. Rasmussenin səfərinin arxasında erməni lobbist maqnatları dayanır yəqin ki... Rasmussenin Ermənistan səfərinin maliyyə mənbəyi də kifayət qədər qaranlıqdır və açıqlanmır. Ermənistanda ”Avropa İttifaqı missiyası" adı altında Qərb casus şəbəkəsinin fəaliyyətə başlaması ilə paralel Rasmussenin səfərinin təşkili və Azərbaycan əleyhinə danışdırılması təsadüf ola bilməz".

Ekspert bildirdi ki, Ermənistan fəal formada “konyak diplomatiyası”na bel bağlayıb: “Rasmussen Ermənistan tərəfindən PR nümayəndə müəyyən olunub, ona böyük həcmdə pullar ödənilib və hətta Ermənistanda eyş-işrət məclisləri də təşkil olunur. Erməni lobbisinin çirkli pullarına ümidli qalan adamın NATO fəaliyyət dövrü də mütləq şəkildə təftiş edilməlidir. Bu zaman daha böyük korrupsiya bağlantıları ortaya çıxacaq. Rasmussen erməni lobbisinin "cibindədir". Onun pula satılması NATO-ya, onun vaxtilə daşıdığı vəzifəyə hörmətsizlikdir. Eyni zamanda NATO ilə əməkdaşlıq perspektivlərini də sarsıdır. Rasmussenin NATO missiyası ilə bağlı Ermənistanla danışıqlar aparması həm də Ermənistanın KTMT-dən çıxışını sürətləndirəcək. Bu proses isə Ermənistan-Rusiya münasibətlərini daha da dalana dirəmiş olacaq".

Akif Nağı:

Akif Nağı

Azad Vətən Partiyasının sədri Akif Nağı “Yeni Müsavat”a bildirdi ki, Rasmussen bu və ya digər prosesdə iştirakına həm də özünün biznes maraqlarından yanaşır: “Yaratdığı konsaltinq təşkilatı biznes fəaliyyəti ilə məşğuldur, amma siyasətdən də kənarda deyildir. Bu, Avropanın orta əsrlərdən başlayan siyasətinin tərkib hissədir, Şərqə ticarət üçün gələn avropalılar həm də kralların siyasi sifarişlərini yerinə yetirirdi. Rasmussenin Ukraynadakı fəaliyyəti ağır dövrə təsadüf etdi. Həmin vaxt Ukrayna yolayrıcında, Qərb və ya Rusiya seçimi qarşısında idi. Kiyevin Qərbi seçməsində Rasmussenin də rolunun olduğunu ehtimal etmək olar. İndi İrəvan da təxminən eyni seçim qarşısındadır. Onun şirkəti, özünün də bildirdiyi kimi, bu seçimə kömək etmək üçün gəlib”. A.Nağı qeyd etdi ki, Rasmussenin Azərbaycana qarşı tam qərəzli mövqe tutması, “erməni kimi” danışması da bu məqsəddən irəli gəlir: “O, Ermənistan cəmiyyəti və siyasi elitasını Qərbin tam şəkildə onların tərəfində olduğuna inandırmalıdır. Bunun üçün istənilın cəfəng iddialarını dəstəkləməli, Azərbaycanın bütün hərəkətlərini pisləməli, həmçinin Rusiyanı Azərbaycanın dəstəkçisi kimi göstərməklə, orada anti-Rusiya əhvalını gücləndirməlidir. Düşünürəm ki, Rasmussen Ermənistanda bu işlərlə məşğul olacaq. Nəticənin necə olacağını demək çətindir. Ermənistan doğrudanmı tam anti-Rusiya mövqeyinə keçib, ikinci Ukrayna rolunu oynayacaq, yoxsa yox, bunu zaman göstərəcək”. A.Nağı əmindir ki, istənilın halda, proseslər Azərbaycana qarşı ermənilərin istədiyi nəticəni verməyəcək: “Ermənistanın Qərbə ciddi yaxınlaşması Rusiya ilə münasibətləri gərginləşdirəcək, bu da Azərbaycanın işinə yaraya biləcək. Digər tərəfdən, Azərbaycan Qərblə istədiyimiz səviyyədə olmasa da, qaneedici dərəcədə münasibət qura bilib. Düşmənlərimizlə yanaşı, dəstək verənlərimiz də az deyil. Burada neft-qaz amilinin təsiri də axırıncı yerdə deyil. Deyə bilərik ki, Rasmussen əgər güman edilən missiya ilə gəlibsə, Ukraynadakı kimi əl-qol açması üçün geniş imkanları olmayacaq”.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"