Kremlin vaxtı tükənir: Xankəndi rus sülhməramlıların əlindən çıxır

6 Fevral 2023 03:10 Gündəm 706
Kremlin vaxtı tükənir: Xankəndi rus sülhməramlıların əlindən çıxır

Cənubi Qafqazda geopolitik tarazlıq pozulmağa başlayıb, regional qüvvələr nisbətinin dəyişməkdə olduğu müşahidə edilir.

Bu region uğrunda mübarizə əslində, həmişə olub, ancaq hazırda ən yüksək səviyyəyə çatdığı açıq-aşkar nəzərə çarpır.

Və bu, Cənubi Qafqazda həlledici mərhələnin yeni istiqamətlərini təsəvvür etmək imkanı yaradır.

Məsələ ondadır ki, son vaxtlar Rusiyanın Cənubi Qafqazdakı mövqeləri ciddi şəkildə sarsılıb. Hətta Ukrayna uzandıqca və Rusiya zəiflədikcə, Kremlin bu regionda duruş gətirməsi çətinləşir. Üstəlik, Kremlin regional forpostu Ermənistan Rusiyanın Cənubi Qafqazdan sıxışdırıb, çıxarılması prosesində əsas alət rolunu oynayır.

Onu da qeyd etmək lazımdır ki, ABŞ və Qərb Rusiyanı son vaxtlar Cənubi Qafqazda ifrat şəkildə fəallaşmaqda suçlayır. Kremlin bu fəallığının regionda sülh prosesinə ağır zərbələr vurduğunu iddia edir. Azərbaycanı və Ermənistanı birbaşa, yəni Rusiyanın iştirakı olmadan təmaslara çağırır.

7be6236e-b74c-4f73-8160-c3126f1c2e78.jpg (84 KB)

Maraqlıdır ki, ABŞ və Qərb hazırda Rusiyanı iki önəmli istiqamət üzrə hədəfə alıb. Əsas siyasi hücum əməliyyatlarını isə birbaşa Paşinyan hakimiyyəti üzərindən reallaşdırmağa çalışır. Kremlin isə zəif nöqtələrinin olduğu və bu hücumlar qarşısında duruş gətirməkdə artıq çətinlik çəkdiyi müşahidə edilir.

Təbii ki, birinci istiqamət Rusiyanın Ermənistandakı hərbi-siyasi mövqelərinə sarsıdıcı zərbələrin endirilməsi ilə bağlıdır. ABŞ və Qərb Rusiya hərbi bazasının, eləcə də rus sərhədçilərin Ermənistandan çıxarılması prosesinin uğurla nəticələnə biləcəyinə ümid bəsləyir. Və rəsmi İrəvanın bu istiqamətdə atdığı addımlar Rusiyaya ciddi problemlər yaradır.

Məsələ ondadır ki, rəsmi İrəvan Avropa Birliyinin mülki müdafiə missiyasının Ermənistana yerləşdirilməsinə Rusiya hərbi bazasının təhlükəsizlik təminatına və funksiyalarına alternativ kimi qabardır. Eyni zamanda, yaxın gələcəkdə Paşinyan hakimiyyəti bu mülki missiyanın sayının artırılması və təxminən 2 min nəfərə çatdırılmasının da planlarını qurmağa çalışır. Və rəsmi İrəvanın bu mülki missiyanı bəzi hallarda "sülhməramlı kontingent" kimi təqdim etməyə xüsusi həvəs göstərməsi də təsadüfi deyil.

Belə anlaşılır ki, rəsmi İrəvan Ermənistandakı Rusiya qoşunlarını yaxın gələcəkdə "Avropa Birliyi şneli"nə bürünmüş yarımhərbi kontingentlə əvəzləmək ümidləri içərisindədir. Əslində, Avropa Birliyinin mülki missiyası yarımhərbi kontingent standartlarına elə indidən uyğun gəlir. Belə ki, bəzi məlumatlara görə, bu missiyanın rəhbərliyi keçmiş hərbçilərə həvalə olunub. Tərkibində isə xarici ölkə xüsusi xidmət servislərinin əməkdaşlarının təmsil olunacağı iddia edilir. Hətta ABŞ və NATO-ya aid kəşfiyyatçıların da bu missiyanın tərkibinə yerləşdirilmə mexanizmləri də artıq mövcuddur. Yəni, bundan sonrakı iki il ərzində Paşinyan hakimiyyətinin xəyanəti ucbatından Rusiyaya qarşı Ermənistan ərazisində geniş kəşfiyyat fəaliyyəti göstəriləcək.

7f3826d1c31ef80bab3adb698e73b7c4.jpg (120 KB)

ABŞ və Qərbin ikinci beynəlxalq hücum hədəfində isə məhz Azərbaycanın Xankəndi və ətraf bölgəsində müvəqqəti dislokasiya olunan rus sülhməramlı qüvvələri yer alır. Qərbdə anlayırlar ki, Rusiya hərbi qüvvələri Ermənistandan çıxarılsa belə, rus sülhməramlılar həmin bölgədə qaldıqca, Kremlin Cənubi Qafqazdan tam kənarlaşdırılması mümkün olmayacaq. Və bu səbəbdən də, son vaxtlar rus sülhməramlıların effektiv olmadığı barədə ittihamlar ön plana çəkilir.

Təbii ki, yenə də Paşinyan hakimiyyəti əsas regional istifadə aləti rolunda çıxış edir. Belə ki, rəsmi İrəvan son vaxtlara qədər Rusiya sülhməramlı qüvvələrinin mandatının qeyri-müəyyən müddətə uzadılmasını tələb edirdi. Halbuki bu, Ermənistandan deyil, məhz Azərbaycanın siyasi iradəsindən asılı məsələdir. Üstəlik, rəsmi Bakı rus sülhməramlıların mandatını ümumiyyətlə təsdiqlənməyib. Və mövcud üçtərəfli anlaşmalara görə, rus sülhməramlılar 2025-ci ildə Azərbaycan ərazisini tərk etməlidir.

Ancaq maraqlı məqamlardan biri ondan ibarətdir ki, Paşinyan hakimiyyəti hazırda Rusiya sülhməramlıları öz öhdəliklərini yerinə yetirə bilməməkdə suçlayır. Hətta rus sülhməramlıların beynəlxalq mandatlı qüvvələrlə əvəzlənməsini də tələb edir. Yəni, anlaşılan odur ki, rəsmi İrəvan dolayısı ilə Rusiya sülhməramlı qüvvələrinin bölgəni tərk etməsinə yönəlik çağırışlarla diqqəti çəkir.

Əslində, rus sülhməramlıların Xankəndi və ətraf bölgədən çıxarılmasının yalnız Azərbaycanın qərarından asılı olduğunu rəsmi İrəvan da anlamamış deyil. Üstəlik, beynəlxalq mandatlı qüvvələrin də rəsmi Bakının razılığı olmadan bölgəyə gələ bilməyəcəyi qətiyyən şübhə doğurmur. Yəni, rəsmi İrəvan hazırda əsasən, sadəcə, rus sülhməramlıların bölgədən çıxarılması üçün rəylərin formalaşdırılması ilə məşğuldur.

58ca911243c3fd4ca9342955a69a883a.jpg (140 KB)

Maraqlıdır ki, Ağ Evdən verilən açıqlamada ABŞ-ın 2020-ci ildə imzalanmış atəşkəs barədə üçtərəfli anlaşmada iştirak etmədiyi xatırladılır. Ancaq buna baxmayaraq, Ağ Ev bölgədə rus sülhməramlı qüvvələrinin yerləşdirilməsi və onların fəaliyyətinin ABŞ-ın diqqətində olduğu da vurğulanır: "Qarabağda dislokasiya olunan Rusiya sülhməramlı qüvvələri konstruktiv rol oynamır. Rusiyanın Cənubi Qafqazda təhlükəli səviyyədə fəallaşması isə Azərbaycan və Ermənistan arasındakı sülh prosesinə diqqəti artırmağın vacibliyini daha da aktuallaşdırır".

Göründüyü kimi, bir çox önəmli məqamlar tədricən aydınlaşdırmağa başlayıb. Xüsusilə də, son vaxtlar Kremlin niyə bu qədər narahat olduğu, Avropa Birliyinin mülki missiyasını Rusiyaya qarşı fəaliyyətin tərkib hissəsi kimi təqdim etməsinin əsas səbəbləri ortaya çıxır. Və Rusiyanın müqavimət resurslarının tükənə biləcəyi dəqiqləşir.

Belə anlaşılır ki, Rusiyanın o qədər də çox vaxtı qalmayıb. Kreml mümkün qədər qısa müddətdə Ermənistanın Rusiya əleyhinə avantürist manevrlərinə adekvat addımlar atmaq məcburiyyətində qalıb. Əks halda, yaxın gələcəkdə Rusiya hərbi qüvvələrinin Ermənistandan çıxarılması qaçılmaz xarakter daşıya bilər. Üstəlik, 2025-ci ildən sonra rus sülhməramlıların Azərbaycanın Xankəndi və ətraf bölgəsində olmayacağını da təxmin etmək mümkündür. Yəni, Rusiya Cənubi Qafqazı tamamilə və həm də birdəfəlik itirmək təhlükəsi ilə üzləşib (musavat.com).

Digər Xəbərlər
Xəbər Lenti