“Qarabağ”la bağlı xəbərdarlıq etdilər: “Geriyə yol qurtardı”

6 Oktyabr 2022 21:00 Gündəm 2 096
“Qarabağ”la bağlı xəbərdarlıq etdilər: “Geriyə yol qurtardı”

Avrokuboklarda son 11, doğma azarkeşləri önündə isə 5 matçdır qələbəyə həsrət qalan “Olimpiakos”un növbəti rəqibi “Qarabağ”dır.

Avropa Liqasının qrup mərhələsinin ilk 2 görüşündə “Frayburq”la “Nant”a məğlub olan Yunanıstan çempionu çətin sınaq qarşısındadır.

“Qarabağ”ın onlar üçün asan rəqib olmadığını məşqçi və futbolçu heyəti yaxşı bilir. Bunu onların mətbuat konfranslarındakı açıqlamalarından görmək mümkündür.

Təmsilçimizin Çempionlar Liqasının təsnifat mərhələsində “Lex”, “Sürix”, “Ferentsvaroş” kimi rəqiblərini sıradan çıxarıb, son anda “Viktoriya”ya məğlub olması, “Frayburq”la Almaniyadakı qarşılaşmada bəxtsizlikdən xalsız qalması, Fransa “Nant”ını Bakıda darmadağın etməsi Yunanıstana səs salıb.

Bunu rəqib azarkeşlərin şərhlərindən görmək mümkündür. “Olimpiakos”un “feysbuk” hesabında “Qarabağ”la oyunla bağlı edilən paylaşımların şərh bölməsində yazılanlara göz gəzdirəndə maraqlı görüntülərlə rastlaşdıq.

Buyurun, yunan fanatların oyuna və “Qarabağ”a münasibəti ilə siz də tanış olun:

“Qələbədən başqa heç nə”.

“Geriyə yol qurtardı. Ancaq irəli və 3 xal”.

“Avropada qalmaq üçün son şans”.

“Çətin olacaq, dostlar. Rəqib çox yaxşı komandadır. Hərəkətli və hücumda hədsiz effektivdir. Gözləyək”.

“Çəkinməyək. Gəlin optimist olaq”.

“Bu, “Nant”dan üstün komandadır. Onlar uduzduğumuz “Nant”ın qapısına 3 top vurdular. Qol şanslarından istifadə etməsək, Avropa macərası başa çatacaq”.

“Nə? 4:0? Optimistlik özümüzü “yeyəcək”. İlk növbədə qapımızı qoruyaq, ondan sonra 4:0-dan danışarıq. Rəqibin bu ilki nəticələrindən xəbərin var?”.

“Olduqca vacib qarşılaşmadır. Əfsanə qələbə qazanmaqla qrupdakı vəziyyətini düzəltməli, bizi sevindirməlidir”.

“Çox çətin oyun olacaq. Heç nəyə baxmadan yalnız və yalnız qələbəni düşünmək lazımdır”.

“Qələbə və ancaq qələbə. Düşünəndə ki, rəqib “Frayburq”la “Nant”ın qapısına 5 top vurur, arzunun reallaşacağı bir az çətin görünür”.

Oktyabrın 6-da Avropa Liqasının qrup mərhələsi çərçivəsində baş tutacaq “Olimpiakos” – “Qarabağ” qarşılaşması Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti