Millimizə yeni baş məşqçi, yoxsa Byazi ilə yola davam?

1 Oktyabr 2022 20:20 Gündəm 919
Millimizə yeni baş məşqçi, yoxsa Byazi ilə yola davam?

Azərbaycan millisinin baş məşqçisi Canni de Byazinin AFFA ilə müqaviləsinin müddəti - sentyabrın 30-da başa çatıb.

İtaliyalı mütəxəssisin yığmadakı taleyi isə qeyri-müəyyəndir. Bəs federasiya de Byazinin millidəki fəaliyyəti ilə bağlı qərarı nə vaxt verəcək?

Millimiz son olaraq, UEFA Millətlər Liqasının qrup mərhələsində pis nəticə göstərməyib. Ardıcıl 3 oyunu udaraq qrupda 2-ci yeri tutub.

Odur ki, italiyalı mütəxəssisin Bakıda qalıb-qalmaması məsələsi bir az da intriqalı xarakter alıb. Byazi ilə yollar ayrılacaq, yoxsa “yola davam” deyiləcək?

Ümumiyyətlə, Azərbaycan futbolunun inkişafı, millinin uğurları nə dərəcədə baş məşqçiyə bağlıdır? Byazinin fəaliyyətinə neçə qiymət vermək olar?

Deputat Aqil Abbas Byazinin göndərilməsini vacib sayır: “Əvvəla, o qalib gəlməyib. Qalib olub ”Qarabağ", “Neftçi” və “Sabah”ın oyunçuları. Oyunçular kişi kimi mübarizə aparıb qalib gəliblər. Onun oyunda hansı strategiyasını, taktikasını gördük? Futbolçular qalib gəldilər, məşqçi deyil. Baş məşqçilikdən getsə, daha yaxşı olar. Yeni bir məşqçi gəlməlidir. Bu məşqçi yerli olmalıdır. Bunu dəfələrlə demişəm. Komanda uduzanda məşqçi ağlamalıdır. İndi düşüb ortalığa ki, komanda formalaşdırmışam. İndiki milli öz-özünə formalaşıb. Özəyini “Qarabağ”la “Neftçi”, bir az da “Sabah” formalaşdırıb. Millətlər Liqası ən geridə qalmış turnirdir. Orada qrupdan çıxa bilməmək biabırçılıqdır.

Necə olur ki, Qurban Qurbanov 2-ci yeri tutan kimi dərhal çıxardılar. Bunun nəyi Qurbandan artıqdır ki? Qurbanın beş illik müqaviləsi var idi. İstəsə, şikayət edə bilərdi. Amma bunu etmədi. Çünki bu millətin oğludur. Berti Foqtsı 5 il çıxara bilmədilər. Açıq şəkildə şantaj edirdi ki, Avropa Məhkəməsinə şikayət edəcəm. İndi Byazinin vaxtı bitib və o göndərilməlidir. Elə Arif Əsədovu qoysunlar. Yerli məşqçilərimiz var. Az maaşla daha yüksək nəticələr qazana bilərlər".

Azərbaycanda gənc idmançılar niyə uğur qazana bilmir? - Prezidentin tənqidindən nəticə çıxarmaq lazımdır » Azxeber.com Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı

İdman mütəxəssisi Kənan Məstəliyev əcnəbi baş məşqçinin Azərbaycan millisini aşağıladığını söylədi: “De Byazi ilə yolların ayrılıb-ayrılmayacağını söyləmək çətindir, çünki müxtəlif fikirlər səsləndirilir. Xüsusilə də İcraiyyə Komitəsinin üzvlərində fikri ayrılığı var və bu da təbiidir. Məşqçinin qalması üçün birmənalı şəkildə nəsə demək olmur. Adam son 3 matçı çıxmaq şərtilə ancaq mənfi nəticələrlə yadda qalıb. Biabırçı, məzmunsuz, qorxaq futbol oynatması ilə gündəmə gəlib. Son 3 oyundakı qələbələr isə sadəcə, təsadüfdür və bunu futboldan başı çıxanlar çox yaxşı anlayır. Bu oyunlarda qələbələr rəqiblərin aşkar motivasiyasızlığının nəticəsidir və de Byazinin bu ”uğur"da rolu minimaldır.

İcraiyyə Komitəsi çox vacib qərar qəbul etməlidi. Ya italyanla müqaviləni uzadıb bütün ölkəni özlərinə düşmən edəcəklər, ya da bu adamı yola salıb hamını tunelin sonunda işığın olduğuna inandıracaqlar. De Byazi Azərbaycan millisinə dəfələrlə hörmətsizlik edib, dəfələrlə xarici mediaya açıqlama verərək oyunçularını göydən-yerə vurub, onları qorxaq və xaraktersiz adlandırıb, sonra bəhanə edərək “mən belə deməmişəm” deməklə hamını axmaq yerinə qoyub. O, mətbuatla münasibətləri korlayıb, yığma komandanın mühərriki olan Qara Qarayevə qarşı absurd qərarlarla xatırlanır, bir müddət eyni addımı komandanın indiki liderlərindən olan Emin Mahmudova qarşı atıb. Bu adam Lüksemburq, Kipr və digər zəif ölkələrə qarşı oyunlarda meydana 7-8 müdafiəçi ilə çıxıb, bizi bir futbol ölkəsi olaraq aşağılayıb, Malta kimi yığmalara uduzdurub.

Bu siyahını çox uzada bilərəm. Bunları hamı bilir və başa düşür. De Byazi getməlidi, başqa çıxış yolu yoxdur. O ki qaldı, Azərbaycan futbolunun inkişafının baş məşqçidən asılı olub-olmamasına, bu uzun müzakirə mövzusudur. Bir şey dəqiqdi ki, de Byazi bu inkişafa bəlkə də özü istəmədən mane olur. Başqası olsaydı, eyni şey olardımı? Bilmirəm. Bunun üçün həmin başqasının gəlməsi lazımdır".

İdman yazarı Natiq Muxtarlı futbolumuzdakı problemin məşqçilərdən asılı olmadığını qeyd etdi: “Futbol ictimaiyyətinin, idman mətbuatının ”Canni de Byazi qalsın, yoxsa getsin" mövzusunu müzakirə etməsi Azərbaycanda futbolun problemlərini gizlətməyə yardım edir. Çünki Azərbaycanda futbolun problemi hansısa məşqçiyə bağlı deyil. Baxın, bu illər ərzində nə qədər məşqçi dəyişib? Sayı-hesabı yox. Bəs nəticə varmı? Yoxdur. Dəyişməyən nədir? Azərbaycan futbolunda inkişafın olmamağı və AFFA-dakı idarəçilər. Oradan başlamaq lazımdır.

Azərbaycan futbolunda ciddi islahat lazımdır. O islahat da məhz AFFA-dakı idarəçilərdən başlamalıdır. Gözümüz aydın olsun, Azərbaycanın əsas yığması Lüksemburqa məğlub olurdu, indi gələcəyimiz olan U-19 yığması da “cırtdan” ölkəyə boyun əyib. Bu o deməkdir ki, futbolumuzun gələcəyi yoxdur. Biz isə Canni de Byazinin qalıb-qalmamağını müzakirə edirik. Azərbaycan ictimaiyyəti hesabatı baş məşqçidən yox, AFFA prezidentindən istəməlidir. AFFA prezidenti nə vaxt planını, strategiyasını təqdim etdi? Nə vaxt hansı öhdəlikləri götürdüyü haqda məlumat verdi? Onun heç bir məsuliyyəti yoxdur?

Bu yaxınlarda AFFA-ya yeni baş katib təyin etdilər. İctimaiyyət, mətbuat ondan strategiyası haqda nəsə soruşdumu? Onlardan dəyişiklik başlamalıdır. Nə qədər ki, AFFA belə kadrların inhisarındadır, gündə bir məşqçi dəyişək, heç nə həll olunmayacaq. Canni de Byazi getsə nə olacaq, qalsa nə? Getsə, yeni gələni hədəf alacağıq. Qalsa isə yenə də italyan tənqid olunacaq. Bəs AFFA rəsmiləri, bəs İcraiyyə Komitəsinin üzvləri? Bir onlardan da soruşmaq lazımdır ki, a kişilər, nəhəng bir problem yaradıbsınız futbol təsərrüfatında, bu problemi necə həll etməyi düşünürsünüz? Ümumiyyətlə, düşünürlərmi?

İcraiyyə Komitəsinin tərkibinə bir baxın: Elmar Məmmədyarov, Zaur Axundov, Elşad Nəsirov, Elxan Məmmədov, Mahir Məmmədov, Rauf Əliyev. Bunlarla inkişafa nail olmaq istəyirik? Birdəfəlik anlamaq lazımdır ki, Azərbaycanda futbolun əsas problemi məşqçilər yox, idarəçilərdir. Futbol təsərrüfatında peşəkar idarəçilər, sağlam idarəetmə olmadıqca, biz ildə bir dəfə hansısa məşqçinin istefasını tələb edəcəyik. Palanı döyməklə problem həll olunmur".

Cavanşir ABBASLI

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!