“Kəpəz”in Gəncəyə aparmaq istədiyi 5 futbolçu - ADLAR

12 May 11:40 Gündəm 1 826
“Kəpəz”in Gəncəyə aparmaq istədiyi 5 futbolçu - ADLAR

Birinci Divizionda mübarizənin başa çatacağı günü səbirsizliklə gözləyən gəncəlilər gözünü Premyer Liqanın növbəti mövsümünə dikib.

Komandanın yenidən Premyer Liqaya qayıtması azarkeşləri xeyli ümidləndirib.

Lakin indiki məqamda əsas yük Yaşar Vahabzadənin üzərinə düşür.

Təcrübəli çalışdırıcının baş məşqçi postunda saxlanılacağı gün kimi aydındır. AFFA-dan dəstək alan Vahabzadəyə artıq indidən növbəti mövsüm üçün komanda yığmaq tapışırılıb. Özü bunu təsdiq etməsə də.

Əsasən gənc futbolçularla işləmək bacarığı ilə tanınan Yaşar bəy gözünü Premyer Liqadakı cavanlara dikib. Həmin futbolçular ki, ya komandalarında lazımi qədər şans qazanmır, ya da haqq etdiyi maaşı almır.

Kimdir həmin futbolçular?

“Səbail”dən Ədilxan Qarəhmədovla Ruslan Hacıyev. Ədilxan Aftandil Hacıyevin güvəndiyi isimlərdən olsa da, Ruslana əsasən əvəzedici gözü ilə baxır.

Hər iki futbolçu maddi durumu daha yaxşı olan və mütəmadi forma şansı qazana biləcəyi komandada oynamaq istəyir. Hacıyevlə Qarəhmədovun Bayıl təmsilçisi ilə müqaviləsinin müddəti bu ayın sonunda başa çatır.

Daha 2 futbolçu isə “Neftçi”dəndir – Ramin Nəsirli ilə Vüsal Əsgərov. Samir Abasovun cari mövsümdə ara-sıra şans verdiyi 19 və 20 yaşlı gənclər daha çox oynamaq istəyir.

Adıçəkilənlərin çıxışını diqqətdə saxlayan Vahabzadə onlara daha çox güvənmək, U-21-ə hazır kadr kimi güvənmək istəyir.

“Neftçi” rəhbərliyinin istedadlı yetirmələrini havayı əldən buraxacağı inandırıcı deyil. Belədə icarə müqaviləsi işə düşə bilər.

Gənclərin arasında təcrübəli də var. Bu, son illər “Şamaxı”nın uğurları üçün tər tökən Tərlan Quliyevdir. Hazırkı komandadakı vəziyyət 30 yaşlı müdafiəçinin ürəyincə deyil.

Yayda “Şamaxı”nı tərk etmək istəyir. “Kəpəz”lə Yaşar Vahabzadə isə Tərlana doğmadır. Vaxtilə Gəncədə futbol oynayıb. Yaşar bəylə tanışlığı isə U-21-ə dəvət aldığı dönəmə təsadüf edir.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti