Danimarka 4:1-lə 1/8 finalda, Rusiya qrupda qaldı

22 İyun 2021 00:54 Gündəm 1 172
Danimarka 4:1-lə 1/8 finalda, Rusiya qrupda qaldı

Avropa çempionatının B qrupunda mübarizəyə yekun vurulub.

Sportinfo.az xəbər verir ki, Danimarka Rusiya ilə, Belçika isə Finlandiya ilə qarşılaşıb.

Kopenhagendəki "Parken" stadionunda baş tutan görüş danimarkalıların 4:1 hesablı qələbəsi ilə başa çatıb. Oyunda ilk qolu 38-ci dəqiqədə meydan sahiblərinin heyətində Mikkel Damsqor vurub.

59-cu dəqiqədə Andreas Kristensen 2-ci topu rəqibin qapısından keçirib. 70-ci dəqiqədə Rusiya millisi Artyom Dzyubanın penaltidən vurduğu qolla fərqi minimuma endirib.

Lakin cəmi 9 dəqiqə sonra Andreas Kristensen rusiyalıları 3-cü dəfə meydanın mərkəzinə dəvət edib. Qarşılaşmada son nöqtəni isə 82-ci dəqiqədə Yoakim Mehle qoyub.

Bekçika seçməsi isə Finlandiyanın qapısından 2 cavabsız qol keçirib. 74-cü dəqiqədə finlandiyalıların qapıçısı Lukaş Qradetski avtoqol müəllifi olub. 81-ci dəqiqədə isə Romelu Lukaku yekun hesabı müəyyənləşdirib.

Bu nəticələrdən sonra qrupda Danimarka, Finlandiya və Rusiya 3 xala malik olsa da, birincilər daha yaxşı göstəriciyə malik olduğundan 1/8 finala vəsiqə qazanıb.

Finlandiya 3-cü yeri tutub. Bu komanda pley-offa adlamaq üçün digər matçların nəticələrini gözləməlidir. Rusiya yığması isə sonuncu olaraq, qrupda qalıb.

1/8 finalda Belçika millisi A, D, E və ya F qrupunun üçüncüsü ilə qarşılaşacaq. Danimarkalılar isə növbəti raundda Uelsə rəqib olub. Bu cütün qalibi 1/4 final matçını Bakıda keçirəcək.

Daha əvvəl İtaliya, Niderland, Uels və Avstriya yığmaları 1/8 finala çıxıblar.

Digər Xəbərlər
Xəbər Lenti