Rumıniyanın paytaxtı Buxarestdə keçirilən güləş üzrə Avropa çempionatı davam edir.
Sportinfo.az xəbər verir ki, beşinci yarış günündə yunan-Roma güləşi üzrə 55, 63, 77, 87 və 130 kq-da çıxış edən güləşçilər mübarizəyə start verib.
İslam Abbasov startda çətinliklə də olsa, alman rəqibinə qalib gəlib. Yığma üzvü 1/8 finalda olimpiya çempionu ilə üz-üzə gəlib.
Ancaq rəqibindən çəkinməyən Abbasov Rusiya təmsilçisini də məyus edərək 1/4 finala vəsiqə qazanıb. İslam növbəti mərhələdə Ermənistanın dünya və Avropa çempionu ilə üz-üzə gəlib.
Qarşılaşmanın əvvəlindən sonuna kimi rəqibindən üstün olan Abbasov parlaq qələbə qazanaraq yarımfinala vəsiqə qazanan 3-cü yunan-Roma güləşçimiz olub.
İslam yarımfinalda da əla güləş sərgiləyərək belaruslu rəqibinə sevinmək imkanı verməyib. Beləliklə, Abbasov ilk dəfə böyüklər arasında Avropa çempionatının finalına vəsiqə qazanıb.
İslam aprelin 13-də həlledici qarşılaşmada son Olimpiadanın gümüş medalçısı, dünya və Avropa çempionu Jan Belenyukla üz-üzə gəlib.
İlk hissəni minimal fərqlə öndə bitirən Abbasov ikincisi hissədə buraxdığı bir səhvin qurbanı olub və gümüş medalla kifayətlənib. Bu, İslamın böyüklər arasında Avropa çempionatında ilk medalıdı.

