"Onun arxasına keçə bilsəydim, Avropa çempionu olacaqdım"

22 Aprel 14:20 Güləş 329
"Onun arxasına keçə bilsəydim, Avropa çempionu olacaqdım"

“Bu çəki mənim üçün yenidir. Bundan əvvəl 65 kq-da çıxış edərək, nəticə vermişəm.

Avropa çempionatı kimi nüfuzlu yarışda iştirak etmək məsuliyyətimi daha da artırdı".

Sportinfo.az xəbər verir ki, bu fikirləri Polşanın paytaxtı Varşavadakı Avropa çempionatında gümüş medal əldə edən Azərbaycanın sərbəst güləşçisi Turan Bayramov federasiyanın rəsmi saytına açıqlamasında deyib.

70 kq çəki dərəcəsində çıxış edən idmançı yarışdan əvvəl yüksək səviyyədə təlim-məşq toplanışı keçdiklərini söyləyib:

"Göygöldə fiziki hazırlıq üzrə yaxşı məşqlər keçdik. Ona görə də yarışda fiziki cəhətdən çətinlik çəkmədim. Rəqiblərimə gəlincə, adətən, onları yarışdan bir gün əvvəl analiz edirəm.

Qarşılaşdıqlarım nəticə vermiş güləşçilər idilər. Böyük Britaniyadan olan rəqibim daha öncə bürünc medal uğrunda güləşmiş, dəfələrlə nüfuzlu yarışlarda iştirak etmişdi.

Türk Haydar Yavuz sonuncu Avropa üçüncüsü idi. Fərdi Dünya Kubokunda da gümüş medal qazanmışdı. Onunla görüş gərgin mübarizə şəraitində keçdi. Ancaq yaxşı fiziki hazırlıq keçməyim bu qarşılaşmada mənə çox kömək oldu.

Yarımfinalda üz-üzə gəldiyim ukraynalı idmançını 23 yaşadək güləşçilərin dünya çempionatından tanıyır, onun necə güləşdiyini bilirdim. Bu səbəbdən, rahat qələbə qazandım".

Bayramov finalda məğlubiyyətinin əsas səbəbini 70 kq-da yarış təcrübəsinin az olması ilə əlaqələndirib: "Son saniyələrdə yaranmış vəziyyətdə ayağımı rəqibin əllərindən qoparıb, onun arxasına keçə bilsəydim,

Avropa çempionu olacaqdım. Ancaq eyb etməz. Bu nəticə motivasiyamı daha da artırır. Özümü Avropa çempionu olmuş kimi hiss edirəm”.

Digər Xəbərlər
Xəbər Lenti