Bölgə klubu biganəlik və təzyiq üzündən fəaliyyətini dayandırdı

29 Fevral 2020 10:52 Futzal 1 018
Bölgə klubu biganəlik və təzyiq üzündən fəaliyyətini dayandırdı

“Premier Quba” futzal üzrə yüksək liqanın 16-cı turu çərçivəsində “Yasamal İSK” ilə oyuna çıxmadı.

Sportinfo.az xəbər verir ki, klub prezidenti Elnur Qasımov fəaliyyəti dayandırdığını açıqlayıb. :

- Komanda “Yasamal İSK” ilə oyuna çıxmadı. Bununla bağlı paylaşım da etmisiz. Səbəb sırf maliyyə çətinliyidi, yoxsa başqa nüanslar da var?
- Xeyr, əsas səbəb bizə olan təzyiqlərdi.

- Təzyiqlər konkret kimlər tərəfindən olurdu?
- Hamı tərəfindən. Zalımızı əlimizdən aldılar. Üstümüzə şər atdılar. Çox hadisələr olub əslində. Verilən heç bir sözü tutmadılar. Gənclər idarəsinin müdiri “bizə idman lazım deyil, lazım olsaydı, özümüz edərdik” dedi. Qubada keçirilən “Araz”la oyunun bütün yükünü, ən xırda detallara qədər özüm çəkmişəm. Həmin oyunu Qubaya saldırdım, camaatı ora yığdım. Hamısının pulunu özüm vermişəm, maşınla gəlmələri üçün şərait yaratmışam.

- Bəs sizə kim, nə söz vermişdi?
- Rayon rəhbərliyi maşın, zal söz vermişdi. Heç birini yerinə yetirmədilər. Birsaatlıq məşq üçün 30 manat lazım idi, cibimizdən verirdik. Həftəyə təkcə məşq üçün 180 manat pulumuz gedirdi.

- Rayon rəhbərliyi bu sözü klub yaradılarkən vermişdi?
- Bəli, biz hər şeyi icazə ilə edirdik.

- Bu qədər təzyiqin, laqeydliyin səbəbini bilmirsiz?
- Gənclər idarəsinin müdiri bizə dedi ki, başçı özü belə bildirib. “Bizə idman lazım olsaydı, özümüz edərdik. Bəyəm Qubada səndən ağıllı adam çıxmadı?” dedi. Amma başçı hamının yanında tapşırıq vermişdi ki, komandanı maşınla təmin edin. Bunu etmədilər. Zal vermişdilər, onu da əlimizdən aldılar. Məşq olmadan necə gedib oyun keçirək? Başçı ilə görüşmək istədim, qəbul etmədilər. Digər tərəfdən, mən sadə vətəndaşam. Bizə Xaçmazda, Qubada bundan daha çox hörmət edirlər. Bizim heyətimizdə “Xəzər Lənkəran”ın keçmiş kapitanı Tural Cəlilov, U-19 millisinin və “Qarabağ”ın keçmiş qapıçısı Ağaseyid Qasımov, “Neftçi”nin heyətində “İnter”ə qarşı oyunda əsas heyətdə meydana çıxan Kamil Nurəhmədov, Rahid Əmirquliyevin qardaşı Fair Əmirquliyev, futzal çempionatının bombardiri Firudin Ağalarov kimi futbolçular var. Firudin hazırda da çempionatda bombardirdi. Ancaq şimallı uşaqlardan ibarət komandamız var. Fikrimiz bu idi ki, başqa yerdən heç kimi götürməyək. İspaniyada “Atletik” ancaq basklardan ibarət olduğu kimi, bizdə də ancaq zona uşaqları olacaqdı.

- Bəs bundan sonra vəziyyət necə olacaq?
- Heç nə. Komanda dağıldı. Daha heç nə olan deyil. Sabah (bu gün) yenə oyunumuz var, gedən deyilik. İki görüşə çıxmayan komanda avtomatik çempionatdan uzaqlaşdırılır.

- Komandanın dağılmasından yerli gənclər və idman idarəsinin və ya İcra Hakimiyyətinin xəbəri oldu?
- Onların marağında deyil, guya bilsələr, nə olacaq? Dəfələrlə görüşmək istəsəm də, görüşdürmədilər.

- Bəs necə oldu ki, klubun fəaliyyətini dayandırmağa qərar verdiz?
- Mən planlı iş görmək istəyirdim. 5 illik planın sonunda çempionluq var idi. Amma gördüm ki, sonda nə etsək də, çempion “Araz”dı, çünki çempionatı özləri idarə edirlər. Başqa klublar, sadəcə, mövcuddu. “Marafon”la oyunda AFFA rəsmiləri “Araz”ı geri qaytara bilmədilər. Haqlı tərəf “Marafon” idi, “Araz”a məğlubiyyət verilməliydi. Komanda meydanı tərk etmişdi. Hakim səhv qərar vermişdi, sonra düzəltmək istədi. Amma “Araz” geri qayıtmadı. Mən də bu oyunlarda iştirak edə bilməzdim. Çempionatı Joze Alesio Da Silva idarə edir, hamı ondan qorxur. Şəxsən məndən asılı olsa, çox şeyi düzgün edərdim. Bizim böyük hədəfimiz var idi. Bu çirkinliklər olmasaydı, hər şey fərqli olardı. Bizi, ümumiyyətlə, oynamağa qoymadılar. Zalımızın işığını söndürdülər, qapını açmadılar. Axırda üstümüzə şər atıb, uzaqlaşdırdılar.

- Şər atıb, nə dedilər ki?
- İstifadə etmədiyimiz otaqları bizim xarab etdiyimizi dedilər. Hamamın açarını heç vaxt bizə verməmişdilər. Amma dedilər ki, hamamı siz xarab etmisiz. Halbuki bir dəfə də ordan istifadə etməmişdik. Bizi polislə hədələdilər. Uşaqlar məşqə gəlməkdən qorxdular. Məşq olduğunu bilə-bilə, məni polis bölməsinə apardılar. Qış günü, soyuq havada komanda bayırda qaldı. Mənim də telefonumu əlimdən aldılar, xəbər edə bilmədim. Uşaqlar məşq etmək üçün Şirvanovkadan Qubaya taksi tutub gəlmişdilər. Onları aldatdığımı düşünürdülər, çünki zənglərinə cavab verə bilmirdim. Oyunun olduğunu deyib, məni buraxmalarını istədim, buraxmadılar. Gecə buraxdılar, biz də oyunda iştirak edə bilmədik. Daha sonra reklam agentliyi də bizi məhkəməyə verdi.

- Reklam agentliyinin bu addımı atmasına səbəb nə idi?
- Bilboardda klubun adını reklam edirdik, ona görə. 6 aylıq haqqımız var idi, 600 manat pul ödəmişdik. Dayandırmaq, lövhədən reklamı çəkmək istəyəndə, dedilər, sənin üçün cərimə yazmışıq. 400 manat da onlar cərimələdi.

- Komanda üzvləri bu vəziyyəti necə qarşıladı?
- Hamı qorxur, heç kim yaxın durmur. Hamının ailəsi var.

- Komandanın yaşaması üçün sizə kömək edən şəxs və ya şəxslər oldumu?
- Heç kim kömək etməyib. Bircə DTX rəisi bizim üçün çalışıb. Ona da hər şey üçün ağız açmağa utanırdıq. Maddi baxımdan kömək olmayıb. Bizim uşaqlar əslində 250 manat məvacibə də qane idilər. Hətta mən təklif etdim ki, onları Qubada minimum əməkhaqqı ilə işə cəlb edək, məşqə axşamlar gələk. İnanın ki, uşaqlar yer süpürməyə də hazır idilər. Amma bizi dinləyən olmadı. Bütün oyunlarda əzmkarlıq göstərmişdik. Çempionatda “Araz”a bir oyunda 6 qol vura bilən komanda yoxdu (Futbol+).

Xəbər Lenti