"Azərbaycanda futzalın səviyyəsi çox düşüb" - MÜSAHİBƏ

23 Oktyabr 2019 16:26 Futzal 1 052
"Azərbaycanda futzalın səviyyəsi çox düşüb" - MÜSAHİBƏ

Futzal üzrə milli komandamızın sabiq kapitanı Ağatahir Əzimov Sportinfo.az-a müsahibə verib:

- Bu gün Azərbaycan millisi DÇ-2020-nin seçmə mərhələsi çərçivəsində mübarizəyə başlayır. Yığmamız ilk görüşünü Moldovaya qarşı keçirəcək. Necə düşünürsüz, millimiz seçmə mərhələyə qələbə ilə start verə biləcək?

- Millimizin Moldovaya qalib gələcəyini düşünürəm. Komandanın hazırkı heyəti seçmə mərhələdə uğurlu nəticə qazanmağa imkan verir.

- Əvvəllər yığma komandamızda oynayanların böyük əksəriyyəti braziliyalılar idi. İndi iranlılar daha çox cəlb edilir. Sizcə, onlar yığmamıza kömək ola bilər?
- Əvvəl millidə 6 braziliyalı olurdu. İndi bölüblər, 3-4 braziliyalı, 3 iranlı var. Milliyə cəlb olunan iranlıları məşqlərdə izləmişəm. Pis oyunçular deyil, yaxşı oynayırlar. Amma milli səviyyəsində necə oynayacaqlarını deyə bilmərəm.

- Həmin iranlılar azərbaycanlılardan çox güclüdür?
- İndi braziliyalılar, iranlılar oynayır. Əlbəttə, hamımız azərbaycanlıların oynamasını istəyirik. Təəssüf ki, hələ özümüzünkülər zəifdir. Azərbaycanlı futzalçılar sıfır səviyyəsinə enib. Demək olar ki, 2-3 nəfər qalıb. Oyunçular çoxdur, sadəcə, yüksək səviyyədə oynaya bilmirlər, zəifdilər.

- Bunun səbəbini nədə görürsüz?
- Azərbaycanda futzalın səviyyəsi çox düşüb. Uşaq məktəbləri yoxdur, oyunçu yetişdirmirik, küçələrdə futbol yoxdur. Ona görə məcburiyyətdən legioner gətiririk, Azərbaycan adından oynayırlar. Azərbaycan çempionatının səviyyəsi zəifdir. 2-3 komanda var ki, arasında mübarizə gedir. Hamı da bilir ki, 99 faiz “Araz” çempiondur. Digər komandalara 1 faiz şans verilir, onlarda da onsuz heç nə alınmır. Çempionatın səviyyəsi güclü olmalıdır, rəqabət qalxmalıdır. Uşaq məktəbləri oyunçular yetişdirməlidir ki, inkişaf olsun. “Araz”ın oyunçuları yerli liqada rəqabət görmürlərsə, rəqiblərini "bir ayaqla" udurlarsa, o zaman inkişaf necə ola bilər, səviyyə necə arta bilər? Bütün komandalarda güclü oyunçular olmalıdır ki, çempionatın da səviyyəsi qalxsın. İstəyirik ki, millimiz mərhələni keçsin. Ona görə də legionerləri gətirib milliləşdiririk. Azərbaycan adını qoruyub-saxlamaq üçün. Avropada hələ də Azərbaycan futzalından çəkinirlər. Düzdür, millidə ancaq legionerlər oynayır, azərbaycanlılar az qalıb. Amma nə etmək olar?

- "Araz” yerlilərlə iştirak etdiyi Çempionlar Liqasında bütün oyunları böyükhesabla uduzdu...
- Bizim oyunçularımız mərhələ keçəcək səviyyədə deyil. Yaxşı oyunçularımız var. Sadəcə, 6 nəfərlə də çətin idi. Heç olmasa, 8-10 oyunçu olsaydı, dəyişikliklər də edilərdi. Çempionlar Liqasında 6 nəfərlə oynamaq çox çətindir. Azərbaycan səviyyəsində oyunçularımız yaxşıdır. Avropada səviyyəsinda oynayacaq isə cəmi 2-3 futzalçımız var. “Araz”ın Çempionlar Liqasında uduzması komandaya təsir etməməlidir. Çünki milli komandanın 80 faizi legionerlərdir. Həmin oyunlar unudulmalı, indi millinin qarşılaşmalarını düşünmək lazımdır.

- Millinin qrupdakı əsas rəqibi hansıdır?
- Bu qrupda əsas rəqibimiz Slovakiya olacaq. Bu gün Moldovanı rahat udmalıyıq. Monteneqronu da məğlub etməliyik.

Mir Bağır

Xəbər Lenti