“Başlanğıcdan razı qaldım. Üç-dörd qol epizodu yaratdıq. Ancaq Tyaqo və Kardoso bundan istifadə edə bilmədi. Biz bunları reallaşdıra bilmədik, əvəzində bəxtsiz qollar buraxdıq. Xüsusilə də ikinci qolu qeyd edərdim. Qapımızda ardıcıl iki qol gördükdən sonra sanki uşaqların oyununda eniş yaşandı".
Sportinfo.az xəbər verir ki, bu sözləri futzal üzrə yığmamızın baş məşqçisi Joze Alesio Da Silva Rusiyanın Həştərxan şəhərində təşkil olunan “Caspian Cup-2019” turnirində bu gün Qazaxıstan yığmasına 2:5 hesabı ilə uduzduqları oyundan sonra AFFA-nın rəsmi saytına açıqlamasında deyib. Məğlubiyyəti şərh edən braziliyalı mütəxəssis bəxtsizlikdən gileylənib:
"Uşaqların oyundan qopmamasına çalışdıq. Fasilədə onlara hesabı unutmağı, yenidən başlamağı tapşırdım. İkinci hissədə biz daha çox qol vurduq, daha yaxşı oynadıq. Təbii ki, bu qələbə üçün yetərli olmadı. Udmaq istəyirsənsə, şanslarından maksimum istifadə etməlisən. Rəqibin qapıçısının oyununu da ayrıca qeyd etmək istərdim".
Da Silva turnirin komandaya faydalı olduğunu bildirib: "Dünya çempionatının seçmə mərhələsinin oyunlarına qədər vaxtımız var. Ona qədər heyətimizi tam komplektləşdirəcəyik. Bu turnirin bizə böyük köməyi oldu. Rəqiblərimiz FİFA-nın reytinq cədvəlində üst sıralarda yer alan komandalardır. Onlarla qarşılaşmalar bizə səhvləri görmək, üzə çıxarmaq baxımından əvəzsiz kömək oldu, eyni zamanda təcrübə qazandırdı".

