Milli üçün həlledici dövr

27 Avqust 2019 13:05 Futzal 746
Milli üçün həlledici dövr

Azərbaycan futzal yığması üçün ilin ən vacib matçları ərəfəsində həlledici hazırlıq dövrü başlanıb.

Uzunmüddətli toplanışda komandanın optimal hazırlığını təmin etmək məqsədilə bu günlərdə daha bir əhəmiyyətli turnirin keçiriləcəyi barədə məlumat yayılıb.

Azərbaycan futzal yığması Rusiyanın Həştərxan şəhərində "Xəzər kuboku" turnirində iştirak edəcək. Rəqiblər də əsl hazırlıq dövrünü təşkil etmək baxımından uyğundur.

Burada ev sahibi ilə yanaşı, komandamızın rəqibləri İran və Qazaxıstan kollektivləridir.

Qeyd edək ki, komanda bir müddətdir fəal hazırlıqlardadır. Bakıda keçirilən təlim-məşq toplanışını başa vuran komandamız hazırda Belarusda toplanışdadır. Burada ilk yoxlama oyununda meydan sahiblərinə 3:5 hesabı ilə uduzan millimiz sabah Borisovda Belarus seçməsi ilə bir daha matçda qüvvəsini sınayacaq.

Bu iki toplanışın yekununda komandanın əsas simasını müəyyən edəcək qərarlar veriləcək.

Yeri gəlmişkən, əsas yarışlara da çox qalmayıb. Gələn il Litvada keçiriləcək Dünya kubokunun final mərhələsinin (12 sentyabr-4 oktyab 2020-ci il) Avropa təsnifat yarışlarından biri Bakıda təşkil ediləcək.

Oktyabrın 24-də start götürəcək əsas seçmə mərhələnin 3-cü qrupunun oyunlarında komandamızın rəqibləri Slovakiya, Moldova və Monteneqro olacaq.

Qeyd edilən son iki kollektiv ilkin təsnifat mərhələsindəki mübarizədə seçilib. Komandamzın qarşısında dayanan vəzifəni mürəkkəb hesab etmək olmaz. Çünki ilk iki yerin sahibi seçmə elit mərhələsinə vəsiqə əldə edəcək.

Elit raundun püşkü bu il noyabrın 7-də atılacaq, yarışları isə gələn il yanvarın 28-dən fevralın 2-dək yenə qruplara bölünməklə keçiriləcək.

Orada qaliblər birbaşa Dünya kubokuna vəsiqə əldə edəcəklər. İkinci yerin sahibləri aprelin 9 və 12-də ev-səfər matçlarında final mərhələnin son iştiarkçılarını müəyyənləşdirəcəklər.

KAMİL

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti