"Məşqlərimiz normal şəkildə davam edir. Artıq bir həftədi birgə məşq edirik".
Sportinfo.az xəbər verir ki, bu sözləri futzal üzrə millimizin baş məşqçisi Joze Alesio da Silva deyib. Azfutzal.az saytına danışan braziliyalı mütəxəssis yığmanın avqustun 15-də Bakıda start götürən təlim-məşq toplanışını dəyərləndirib:
"Legioner karyerasını davam etdirən futzalçılarımız da komandaya qoşulur. Qalo və Poletto bu toplanışda və yoldaşlıq oyunlarında bizə kömək edə bilməyəcəklər. Çalışırıq ki, əlimizdəki heyətlə oyunlara qədər daha faydalı məşqlər edək”.
Alesio Belarusla keçirəcəkləri yoldaşlıq oyununa da toxunub: “Həqiqətən də, çətin oyunlar olacaq. Mövsüm hələ başlamayıb, oyunçular məşqlərə bir müddət əvvəl start verib. Belarus istənilən komanda üçün çətin rəqibdir. Bu iki oyun bizim dünya çempionatının seçmə oyunlarına hazırlıq baxımından vacibdir. Düzdür, sentyabrda daha bir toplanışımız olacaq və daha güclü rəqiblərlə birgə turnirdə iştirak edəcəyik. Ona qədər bu iki oyundan maksimum istifadə etməliyik”.
Avqustun 24-dək Bakıda hazırlaşacaq milli ertəsi gün Minskə yola düşəcək. Belarusla oyunlar isə avqustun 26-da və 28-də keçiriləcək. İlk matç Belarusun paytaxtı Minskdə, digər qarşılaşma isə Borisov şəhərində baş tutacaq.

