Futzal üzrə Azərbaycan çempionatının 1-ci Liqasında oyunlar Yüksək Liqaya nisbətən daha maraqlı keçir.
Bunu həm komandaların sayı, həm də iştirakçıların güc səviyyələrinin təxminən bir-birinə yaxın olmasıyla əlaqələndirmək olar.
Maraq və rəngarənglik baxımından 2018-2019-ci il mövsümü əvvəlki illərdən geri qalmadı, hətta tam əksinə, hakim səhvlərinin, inzibati xətaların minimum sayda olması ilə diqqət çəkdi.
Mükafatlandırma mərasimi də bu dəfə daha şən, daha hazırlıqlı və təşkilati baxımdan öncəkilərə nisbətən daha səviyyəli hazırlanmışdı.
Daim əzmkarlıq və yüksək nizam-intizam nümayiş etdirən "Baku Fire" bu mövsüm 1-ci Liqanın qalibi oldu.
Ümumiyyətlə ,1-ci Liqanın tarixinə nəzər salmış olsaq, görərik ki, hər il bu dəstədə müxtəlif adlarla komandalar iştirak edir, lakin ən uzağı, 2-3 il sonra bu adlar yoxa çıxır.
"Baku Fire" isə artıq 9 ildi AFFA-nın futzal üzrə təşkil etdiyi bütün yarışlarda öz adını iştirakçılar arasına yazdırır. Onları çempionluq zirvəsinə daşıyan amil də məhz bu əzmkarlıq oldu desək yanılmarıq.
Mövsümün yekun cədvəlinə baxdıqda, komandanın naməğlub olaraq çempionluğa yüksəldiyinin şahidi oluruq, lakin bundan daha da önəmlisi, "Baku Fire" rəhbərliyinin gənclərə verdiyi önəmi vurğulamaq yerinə düşərdi.
Əsas komanda ilə paralel olaraq, 15 yaşlı uşaqlara futzalın sirlərini öyrədən klubun baş məşqçisi Teymur Eyvazov artıq indidən klubun gələcəyə olan baxışlarının nə qədər doğru olduğunu göstərir.
Baş məşqçinin mütəmadi olaraq beynəlxalq seminarlara qatılmasını, öz üzərində durmadan çalışmasını, həmçinin klub rəhbərliyinin futzala və bu maraqlı oyunun inkişafına yönəlmiş addımlarını gördükcə, Azərbaycan futzalının gələcəyinı nikbin baxışlarla baxmağımıza ciddi səbəb və inam yaranır.
SPORTİNFO.AZ

