Futzal üzrə Azərbaycan millisi Serbiya ilə növbəti yoldaşlıq oyunu keçirib.
Sportinfo.az xəbər verir ki, Vitali Borisov və Everton Kardoso əvvəlki qarşılaşmada zədələndiyi üçün ikinci dueldə meydana çıxmayıb.
Matç rəqibin 7:5 hesablı qələbəsi ilə başa çatıb. Fasiləyə qədər 4 cavabsız qol vuran meydan sahibləri ikinci hissənin gedişində hesabı artırsa da, ruhdan düşməyən futzalçılarımız fərqi 2 topa qədər endirməyi bacarıb.
Yeri gəlmişkən, millimiz ikinci hissəni böyük ölçüdə 5 meydan oyunçusu ilə keçirib. Bu funksiyanı Ramiz Çovdarov yerinə yetirib.
Bu komandalar arasında dünən keçirilmiş ilk oyunda millimiz 2:1 hesabı ilə qələbə qazanıb. Azərbaycan komandasının baş məşqçisi Joze Alesio Da Silva affa.az-a açıqlama verib.
“Birinci hissədə çox pis oynadıq. Hətta oyunumuzu faciə də hesab edə bilərəm.
Futzalçılarda istək var idi, ancaq oyuna konsantrasiya ola bilmirdik. İntizamsızlıq, çoxlu səhvlərə yol verməyimiz rəqibin ardıcıl qollar vurmasına şərait yaratdı.
Fasilədə uşaqlardan sakitləşməyi, tapşırıqları yerinə yetirməyi tələb etdim. Nəticədə ikinci hissədə tam fərqli oynadıq.
Qapıçını meydan oyunçusu ilə əvəzlədik. Bu taktika üzərində demək olar, hər məşqdə işləyirik. Serbiya yığması da çox istəkli idi.
Xüsusilə birinci oyundakı məğlubiyyətdən sonra bu dəfə qarşılaşmaya 200 faiz köklənmişdilər. Azarkeşlərini sevindirmək istəyirdilər.
Rəqibimiz kifayət qədər güclü, intizama riayət edən, fiziki, taktiki-texniki cəhətdən seçilən, əla kollektivə malik komandadır.
Ümumi götürdükdə, 10 günlük toplanışdan və oyunlar keçirməyimizdən razı qaldım. Ancaq bununla kifayətlənmək olmaz.
Bizi oktyabrda rəsmi görüşlər gözləyir. Ona qədər bir neçə toplanış təşkil etməli, yoldaşlıq oyunları keçirməliyik”.

