"İddialılara qarşı layiqli mübarizə aparsalar da, elə matçları uduzurlar ki..."

14 Dekabr 2017 09:12 Futzal 573
"İddialılara qarşı layiqli mübarizə aparsalar da, elə matçları uduzurlar ki..."

Sportinfo.az xəbər verir ki, futzal üzrə Yüksək Liqanın təcrübəli klublarından sayılan EKOL-un aparıcı oyunçusu, millinin heyətinə də dəvət edilən Samir Həmzəyev AFF-nın mətbuat xidmətinə müsahibə verib.

Komandada vəziyyət necədi?
- Bir müddət idi millinin heyətinə dəvət edildiyimizə görə, komandadan ayrı düşmüşdük. Artıq geri dönmüşük və hazırlıq prosesində iştirak edirik. Ancaq qələbə qazanmaq üçün meydana çıxacağıq. “Marafon Futsal” liderlər qrupunda yer alıb. Onların çıxışını sürpriz hesab etmək olar. Məncə, güclü rəqibdilər. Bu elə oyundu ki, hər üç nəticəyə hazır olmalısan. Əslində, “Marafon Futsal”dan ilk mövsümdə bu cür yüksəliş gözləmirdim. Adətən debütantlar birinci mövsümdə çempionata uyğunlaşmağa, ritmi tutmağa çalışır. Görünür, rəqibimiz daha yaxşı hazırlaşıb.

Hansı komandanın üstün cəhətləri çoxdu?
- EKOL-un hazırkı heyəti xeyli vaxtdı bir yerdə oynayır, anlaşma yaxşıdı, xətlərarası əlaqədə hansısa problem yoxdu. Rəqibimiz isə daha çox legionerlərin hesabına iri addımlar atır. Həqiqətən də iranlı legionerlərin komandaya çox köməyi dəyir. Onlar təcrübəli yerli futzalçılarla yaxşı tandem təşkil edirlər.

EKOL son 2 oyunda cəmi 1 xal qazanıb. Elə çempionata da yaxşı başlamadınız, sonradan özünüzdə güc tapdınız. Oturuşmuş heyət üçün bu nə dərəcədə normal haldı?
- Rəqiblərimiz güclənib. İndi meydana çıxanda kimin qalib gələcəyini əminliklə demək mümkün deyil. Çünki istənilən komandanın qələbə qazanmaq şansı var. Çempionatda mübarizə, intriqa artıb. Bu gün “Yasamal” belə istənilən komandadan xal ala bilər. Xal itirməyimizə gəldikdə, son iki oyunda “Araz” və “FK.İD.Futsal”la qarşılaşdıq. “Araz”la oyunda çox güc itirdiyimizdən, bərpa olunmaqda çətinlik çəkdik, vaxt az oldu. Yorğunluq sözünü dedi.

Turnir cədvəlinə baxdıqda, mənzərənin EKOL-un ürəyincə olduğunu deyə bilmərik...
- Bizim üçün gözlənilməz və arzulanmaz mənzərədi. Hələ çempionatın cəmi 9 turu keçirilib. Qarşıda daha 19 tur var və çox suallara cavab tapılacaq. Vacib olan mövsümün sonundakı turnir cədvəlidi. Öz yerimizi tutmalıyıq.

Hansı komanda yaxşı, hansı gözlədiyindən aşağı çıxış edir?
- “FK.İD.Futsal”dan çox şey gözləyirdim. Çünki heyətləri təcrübəli futzalçılardan qurulub. Bu komanda iddialı hesab edilən komandalara qarşı layiqli mübarizə aparırlar, amma elə matçları uduzurlar ki.... “Marafon Futsal”la “Neftçi”İK-nı yaxşı mənada fərqləndirərdim. “Neftçi”nin “Araz”la heç-heçə etməsi və “Marafon Futsal”ı məğlub etməsi güclü olduqlarını göstərir. Yayda heyətlərində dəyişiklik etdiklərinə görə, komanda indi-indi özünə gəlir.

Uzun fasilədən sonra millinin toplanışına dəvət edildin, İranda keçirilən turnirdə iştirak etdin. Turnirlə bağlı təssüratın necədi?
- Hər bir turnirin səviyyəsini iştirakçıları müəyyənləşdirir. Avropa çempionatına hazırlıq baxımından vacib turnir oldu. Rəqiblərimizin son 2 ildə qatıldıqları turnirlərdə əldə etdikləri nəticələr güclərini ortaya qoyur. İran dünya üçüncüsü, Rusiya finalçı, Qazaxıstan isə Avropa üçüncüsüdü. Əlavə şərhə ehtiyac yoxdu. Komandamız İrana qarşı çox yaxşı mübarizə apardı. Rusiyaya uduzsaq da, Qazaxıstanı udduğumuz halda sonradan hesabda geri düşdük. Buna rəğmən, yekunda xal qazanmağı bacardıq. Bu turnirdə baş məşqçi təbii ki, yeni taktiki gedişləri, “ev tapşırıq”larını yoxladı.

Nəticəni normal hesab etmək olar?
- Əlbəttə, əldə edilən nəticə pis deyil. Reytinq cədvəlinə diqqət yetirsək, rəqiblərimizin hamısının bizdən irəlidə olduğunu görərik. Yaxşı sınaq oldu, bunun bəhrəsini Avropa çempionatında görmək mümkün olacaq. Baş məşqçi boşluqları, səhvləri, çatışmazlıqları təsbit etdi. Qarşıdakı təxminən 2 aya yaxın vaxtda bunları aradan qaldırmalıyıq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti