Futzalda dövrünün güclüləri sırasında yer alan, amma sonradan bir müddət kənara çəkilən Rüfət Hüseynov indi birinci liqada top qovur.
Sevgisindəndi ki, bu yaşda və artıq çəkisi olmasına rəğmən, “Yasamal-2” komandasının heyətində parketdə top qovmaqdan doymur.
“Yasamal-2” - “Hell Energy” oyununda komandasının yeganə qoluna imza atsa da, artıq hesabında 7 qol var.
Sportinfo.az xəbər verir ki, təcrübəli oyunçu Azərbaycan Futzal Federasiyasının rəsmi “facebook” səhifəsinə müsahibə verib. Komanda.az həmin müsahibəni təqdim edir:
Yaş üstə yaş gəlsə də, artıq çəkin olsa da, oynamaqdan yorulmursan...
- Necə doyum? “Yasamal-2”-yə yeni qoşulmuşam. Mən gələndən sonra keçirdiyimiz 3 oyundan birində qələbə qazanmışıq, qalan 2 matçı uduzmuşuq. Rəqiblərimiz təcrübəli, oturuşmuş komandalardı. Hətta bir az da güclərinə güc qatıblar və birinci liqanın mükafatlarına favorit komandalardı. “Hell Energy” ilə oyunda 1:6 hesablı yenilgi bir az böyük oldu. Razıyam, uduzacağdıq, ancaq bu hesabla yox.
Birinci liqada mənzərə necədi?
- 9-10 komandanı fərqləndirərdim ki, onlardan 3-ü favoritlər sırasında yer alıb. Qalan 6-7 komanda eyni gücdədi. Biz də şansımızı itirməmişik. Çünki indiyə qədər əsasən güclülərlə üz-üzə gəlmişik, orta və aşağı sıralarda yer alan komandalarla bundan sonra qarşılaşacağıq. Məqsədimiz bu mərhələni “8-lik”də başa vurmaq və pley-off oyunlarının iştirakçısı olmaqdı. Komandaya ikinci dövrədə gənc futzalçıları dəvət edəcəm. İstəyirəm, “Yasamal”ın əsas komandası üçün ehtiyat baza yaradaq və gənclər püxtələşdikdən sonra Yüksək Liqadakı əsas komandamıza yollansınlar. Bu gün “Yasamal”ın əsas komandasında İrandan dəvət edilən futzalçılar yer alıb və onların sayı çoxdu. Klub olaraq istəyirik ki, əsas millidə bizim də yetirməmiz yer alsın. Ona görə, axtarışlarımız davam edir. İkinci dövrədən fərqli “Yasamal-2” görəcəksiz.
Birinci liqada diqqətini cəlb edən, perspektiv vəd edən futzalçı varmı?
- Var, amma ad çəkməyəcəm. Təkcə birinci yox, ikinci liqanı da izləyirəm və diqqətimi cəlb edən oyunçu görmüşəm. MFL-in oyunlarını da mütəmadi diqqətdə saxlayıram. Ordan da 1-2 oyunçu dəvət edəcəyəm. Onların 23-24 yaşı var, MFL-ə getsələr də, yerləri parketdi. MFL onlar üçün hələ tezdi.
Həm oynayırsan, həm də ikinci komandada baş məşqçi funksiyasını yerinə yetirirsən.
- Komandanın rəhbəri Orxan Allahverdiyevdi və məni o, dəvət edib. Yüksək Liqada çıxış edən komandamıza da məsləhətçi kimi kömək edirəm. Yenə deyirəm, məqsədimiz milli komandaya oyunçu qazandırmaqdı.
Bu yaşda oynamaq çətin deyil?
- Təcrübənin hesabına oynayıram. Artıq çəkim var, amma hücumda yer almaqla komandama köməyim dəyir. Gövdəmlə işimi görürəm.
Ustalıq qalıb yerində..
- Ustalıq heç vaxt itmir. Ola bilər, sürət, fiziki hazırlıq qaydasında olmasın, amma ustalıq heç vaxt ölmür.
Bəs gənclər bu ustalıqdan qablarına nəsə qoya bilirlər?
- Hazırkı komandamızda yer alanlar tərbiyələri, davranışları ilə rəğbətimi qazanıblar. Əksəriyyəti məhəllə futbolundan gəlib, müəyyən vərdişləri, hərəkətləri bilmirlər. Ona görə də çalışırlar ki, öyrənsinlər, futzalı düzgün oynasınlar. Bizim işimiz də bildiklərimizi onlarla bölüşmək, nəyişə öyrətməkdi.

