Bakı İdman Sarayında futzal üzrə Yüksək Liqada 6-cı turun oyunları keçirilib. Sportinfo.az xəbər verir ki, turun açılış oyunu məhsuldar alınıb. Hesabı “Yasamal” futzalçıları açsa da, təcrübəli Ağatahir Əzimov dərhal tablodakı birləri eyniləşdirib.
Bundan sonra nominal qonaqlar rəqib torunu silkələyib. Bu dəfə “Yasamal” fərqin artmasına imkan verməyib və hesabı bərabərləşdirib. Amma “FK İD Futsal” fasiləyə üstün yollanmağı bacarıb. Rəcəb Fərəczadə təcrübəsi hesabına komandasına üstünlük qazandırıb.
İkinci hissədə də yenə ilk qolu “Yasamal” vurub. Mortozanın qolu oyuna yenidən intirqa gətirib. Amma bu intriqadan elə “Yasamal” məğlub ayrılıb. Belə ki, “FK İD Futsal”ın ardıcıl 2 qol vurması rəqibi ruhdan salıb. Bundan sonra “Yasamal” sanki oyunun tezliklə başa çatmasını gözləyirmiş kimi, matçı davam etdirib.
Debütant isə ardıcıl qollar vurmaqla hesabdakı fərqi artırıb. Hətta oyunun başa çatmasına 2 dəqiqə qalmış debütant 5 meydan oyunçusu ilə mübarizəni davam etdirib və dərhal bəhrəsini görüb. Elvin Quliyev 9-cu topu rəqib qapısından keçirib. Oyunda son qolu isə Ağatahir Əzimov vurub. Beləliklə, debütant Yüksək Liqada ilk böyükhesablı qələbəsini qazanıb.
Turun ikinci oyunu gərgin başlayıb. Radik Əhmədov hesabı açdıqdan sonra “Xəmsə”nin qapıçısı hakimə etirazını bildirib. Sərt şəkildə etirazını bildirən qapıçıya sarı vərəqə göstərilsə də, buna məhəl qoymayan qolkiper referini təhqir edib və qırmızı vərəqə ilə cəzalandırılıb. Ancaq EKOL rəqibin 2 dəqiqə azlıqda oynamasından istifadı edə bilməyib.
Sonrakı dəqiqələrdə Namiq Məmmədkərimov qol vurmaq bacarığını göstərib. Daha çox əks-hücumlara bel bağlayan “Xəmsə” hesabda 2 top fərqi ilə geri düşsə də, oyundan qopmayıb və qollardan birinin əvəzini çıxıb. Bu dəfə kapitan “gəmini” batmağa – ruhdan düşməyə qoymayıb.
İkinci hissəyə də EKOL qolla başlayıb. Bu dəfə komandasının fəallarından olan Samir Həmzəyev rəqibi meydanın mərkəzinə dəvət edib. Düzdü, “Xəmsə” yenə fərqi minimuma endirməyi bacarıb, amma nominal meydan sahibləri dərhal dördüncü topu da qapılarında görüb. Fərqin artması “Xəmsə”ni yenidən qol vurmağa ruhlandırıb və Samir Əmirov qapıya tərəf istiqamətlənmiş topa dabanı ilə toxunmaqla qolkiperi əlacsız buraxıb.
Təbii ki, hadisələrin bu axarda davam etməsi gərginliyi də artırıb. Tərəflər hər top uğrunda sona qədər mübarizə aparmaqla sürətin düşməsinə də imkan verməyib. Nəhayət sonrakı dəqiqələrdə sükutu EKOL pozub və fərq yenidən 2 topa çatıb. Artıq itiriləsi heç nəyi qalmayan “Xəmsə” son 3 dəqiqəni 5 meydan oyunçusu ilə keçirib. Amma bu say üstünlüyü hesaba təsir etməyib. Hətta final fitinə 15 saniyə qalmış 10 metrlik cərimə zərbəsindən də istifadə edə bilməyən “Xəmsə” növbəti yenilgisi ilə barışıb.
Turun son oyununda əzəli rəqiblər üz-üzə gəlib. “Araz”ın baş məşqçisi Alesio da Silva və əsas oyunçularından Edurado cəzalı olduğundan, qarşılaşmanı tribunadan izləyib. Oyun sürətli hücumlarla başlayıb. Hər iki komanda xoşbəxtliyi rəqib qapısı qarşısında axtardığından, son anda səhvlər qaçılmaz olub. “Araz” hücum xəttində daha fəal olsa da, real qol epizodunu “Neftçi” qaçırıb. Birinci hissənin tən yarısında isə Xətai İsayev zədələnərək meydanı erkən tərk edib və oyunu davam etdirə bilməyib.
Ardınca isə “Neftçi” hesabı açıb. Tural Qurbanov Rövşənlə dueldən qalib ayrılıb. Rüfətin səhvindən sonra topa sahib çıxan Maykonun ötürməsini isə Karvalyo qapıdan keçirə bilməyib. Geri dönən topu Qabriel “çərçivə”yə istiqamətləndirsə də, bu dəfə qapı dirəyi son çempionun hesabı bərabərləşdirməsinə mane olub. Əks-hücumlara üstünlük verən “Neftçi” birinci hissənin başa çatmasına 2 dəqiqə qalmış rəqibin azlıqda qalmasına nail olub. İsa Atayev “Neftçi”nin oyunçusunu kobudluqla dayandırdığına görə, qırmızı vərəqə ilə cəzalandırılıb.
Maraqlıdı ki, “Araz” azlıqda qaldıqdan sonra qol vurmağa daha yaxın olub. Tyaqonun baş zərbəsi “çərçivə”dən azca aralı keçib. Fasilədən sonra təzyiqi artıran son çempion hətta 5 meydan oyunçusu ilə mübarizə aparıb. Alesionun sevimli oyun üslubu 24-cü dəqiqədə bəhərəsini verməyə yaxın olub. Amma Karvalyonun topu qapıdan keçirməsinə müdafiəçilər son anda imkan verməyiblər.
İnadından dönməyən “Araz” bir dəqiqə sonra hesabdakı status-kvonu bərpa edib. Bu dəfə Barqos komandasının xilaskarı olub. 31-ci dəqiqədə Barqosun dubl etməsinin qarşısını Elnur əla reaksiya göstərməklə alsa da, bir qədər sonra Maykonun qapı torunu silkələməsinə mane ola bilməyib. Alesio kənardan göstərişlərini verərək Tyaqonun 5-ci meydan oyunçusu kimi davam etməsini istəyib. 33-cü dəqiqədə Ramiz Çovdarov penalti zərbəsini qola çevirə bilməyib. Son dəqiqədə isə “Neftçi” bərabərlik qolunu vurub. Beləliklə mərkəzi oyun heç-heçə başa çatıb.
"Yasamal” - “FK İD Futsal” (2:3) 3:10
Hakimlər: Ramil Namazov, Hikmət Qafarlı, Yusif Nurullayev
Qollar: M.Cahandost, 3:42, 22:22, M. Şahsuvari, 15:47 - A.Əzimov, 3:50, 39:43, A.Ağayev, 8:26, 24:40, 26:27, R.Fərəczadə, 17:16, 31:23, E.Quliyev, 31, 31:50, 38:28
“Xəmsə” - EKOL (1:2) 3:5
Hakimlər: Azər Əsgərov, Əli Cəbrayılov, Azad Hüseynov
Qollar: Ə.Həsənov, 15:43, 24:16, S.Əmirov, 27:49 // R.Əhmədov, 4:46, 25, N.Məmmədkərimov, 13:59, 36:15, S.Həmzəyev, 21:25
Qırmızı vərəqə: Z.Səmədzadə, 4:46
“Araz” – “Neftçi” İK (0:1) 2:2
Hakimlər: Elçin Məmmədov, Yusif Nurullayev, Kənan Məlikov
Qollar: Q. Bastos, 25:40, M.da Silava, 31:30 // T.Qurbanov, 11:10, M. Katebi, 39:38
Qırmızı vərəqə: İ.Atayev, 17:52

